"Sponsor axtarışlarımız davam edir, amma təəssüf ki, yenilik yoxdur"
"Sponsor axtarışlarımız davam edir, çalışmalarımızı, cəhdlərimizi dayandırmamışıq. Lakin çox təəssüf ki, yenilik yoxdur. Ümid edirəm, bu problemi həll edə biləcəyik".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Kəpəz"in Müşahidə Şurasının sədri İlqar Nadiri deyib.
Klub rəhbəri heyəti, xüsusən hücum xəttini gücləndirməyə səy göstərdiklərini bildirib. Nadirinin sözlərinə görə, bugünlərdə bir forvardın transfer olunması gözlənilir:
"Danışıq apardığımız oyunçular var. Amma hələlik dəqiqləşən transfer yoxdur. Bir neçə əcnəbi hücumçu var, məşqçilər korpusu onlara baxır, bəziləri ilə danışıq aparırıq. Təbii ki, hamısı azad agent statusunda olan futbolçulardır".
Qeyd edək ki, Gəncə təmsilçisi Premyer Liqada geridə qalan 5 turdan sonra 4 xalla (1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət) turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.