Tərlan Əhmədov 200-ə çatdı
Tərlan Əhmədov Azərbaycan Premyer Liqasında baş məşqçi kimi 200-cü oyununu keçirib.
mediasport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis yubiley matçına "Kəpəz"in sükanı arxasında çıxıb.
Bu, Gəncə təmsilçisinin səfərdə "Sabah"a 0:2 hesabı ilə uduzduğu XXV tur matçına təsadüf edib.
O, Premyer Liqada 2013/2014 mövsümündə AZAL-ın sükanı arxasında debüt edib. Sonradan “Neftçi” və “Keşlə”ni də çalışdıran mütəxəssis cari mövsümün gedişində “Kəpəz”in baş məşqçisi təyin olunub.
Premyer Liqada 10-cu mövsümünü keçirən Əhmədovun komandaları ümumilikdə 61 qələbə qazanıb, 51 heç-heçə edib və 88 dəfə uduzub. O, ölkə çempionatının tarixinə ən azı 200 matç keçirən 10-cu baş məşqçi kimi düşüb.
Əhmədovun Premyer Liqadakı debütü 2014-cü il martın 23-də gerçəkləşib. Həmin matçda AZAL evdə "Bak"ıya uduzub – 1:2.