Eks "Mançester Yunayted"li "Neftçi"nin baş məşqçisi oldu
İngiltərənin “Mançester Yunayted” klubunun sabiq ulduzu “Neftçi”nin baş məşqçi postuna gətirilir.
Mediasport.az "Report"a istinadən xəbər verir ki, “ağ-qaralar” Miodraq Bojoviçin gedişindən sonra bu posta norveçli məşhur mütəxəssis Henninq Berqin namizədliyini nəzərdən keçirir.
Futbolçu karyerasına ölkəsinin “Volerenqa” klubunda başlayan 54 yaşlı mütəxəssis 3 il bu klubun şərəfini qoruduqdan sonra “Lilleström”ə transfer olunub. Uğurlu çıxışı ilə diqqətləri üzərinə çəkən Berq daha sonra İngiltərənin “Bləkbörn” komandası ilə müqavilə bağlayıb.
4 il bu klubun əsas sağ cinah müdafiəçisinə çevrilən Berq 1997-ci ildə həmin vaxt rekord məbləğ sayılan 5 milyon funt sterlinqə “Mançester Yunayted”ə transfer olunub. O, “qırmızı şeytanlar”la iki dəfə ölkə çempionatının (1999, 2000), İngiltərə Liqa Kubokunun və Çempionlar Liqasının (1999) qalibi olub.
1992-2004-cü illərdə Norveç milli komandasının heyətində 100 oyun keçirib və 9 qol vurub.
Baş məşqçi karyerası da uğurlu olan Berq çalışdırdığı ”Omoniya” klubu ilə ölkə çempionu (2020/2021) və Kipr Superkubokunun qalibi (2021/2022) adını qazanıb. O, Kipr təmsilçisini 2 dəfə avrokubokların qrup mərhələsinə çıxarmağa nail olub.
Bundan başqa, Berq 2013/2014 mövsümündə Polşanın ”Legiya” klubu ilə çempionluq sevinci yaşayıb. Bir il sonra bu klubla Polşa Kubokunun sahibi olub.
H.Berq son olaraq 2023/2024 mövsmündə İsveçin AİK klubunu çalışdırıb.