"The Best": Ötən ilin ən yaxşı futbolçusu kim seçiləcək?
Bu gün FİFA-nın təqdim etdiyi "The Best" mükafatının sahibi müəyyənləşəcək.
Mediasport.az xəbər verir ki, namizədlərin yekun siyahısında "Mançester Siti"dən Erlinq Haaland, PSJ-dən Kilian Mbappe və "Qızıl top" mükafatının sonuncu qalibi, "İnter Mayami"nin forvardı Lionel Messi yer alıblar.
Eyni zamanda, tədbirdə ilin ən yaxşı baş məşqçisi və qapıçısının adı məlum olacaq. Həmçinin, qadınlardan və kişilərdən ibarət ilin rəmzi komandası da açıqlanacaq.
Səsvermədə milli komandaların baş məşqçiləri, kapitanları və jurnalistlər iştirak ediblər.
İngiltərənin paytaxtı Londonda keçiriləcək tədbir bu gün Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Xatırladaq ki, 2016, 2017-ci illərdə portuqaliyalı Kriştianu Ronaldu, 2018-ci ildə xorvatiyalı Luka Modriç, 2019 və 2022-ci illərdə Lionel Messi, 2020 və 2021-ci illərdə isə polşalı Robert Levandovski "The Best" mükafatına yiyələniblər.