"Turan Tovuz"da vuracağım ilk qolun xəyalını qururdum" - Braziliya millisini arzulayan ALEKS SOUZA

"Turan Tovuz"da vuracağım ilk qolun xəyalını qururdum" - Braziliya millisini arzulayan ALEKS SOUZA

"Turan Tovuz"un hücumçusu Aleks De Souza Alkantara Mediasport.az saytına müsahibə verib.

"Turan Tovuz"a keçidiniz necə alındı? Başqa hansı ölkələrdən təkliflər var idi?

- "Turan Tovuz" mənə maraq göstərdi və agentimlə əlaqə saxladılar. Daha sonra müzakirələr apardıq. Əlbəttə, başqa klublardan da təkliflər almışdım. Amma "Turan Tovuz"un dəvəti mənim üçün daha cəlbedici oldu.

Azərbaycan haqqında hansısa məlumatın var idi?

- Klubu araşdırmağa başlayanda Azərbaycan haqqında da axtarış etməyə başladım. "Turan Tovuz"da oynayan həmyerlilərim həm ölkə, həm də liqa barədə yaxşı fikirlər səsləndirdilər.

Yeni komandanızda artıq 2-ci matçınızda fərqlənməyi bacardız. "Sabah"a vurduğunuz qol, ölkəmiz, Tovuz haqda təəssüratlarınız necədir?

- Əvvəllər də çox vacib qollar vurmuşam. Lakin "Turan Tovuz" forması ilə vurduğum ilk qol mənə daha inanılmaz duyğular bəxş etdi. Bu klubda vuracağım ilk qolun xəyalını qururdum. İnanıram ki, daha çox çalışacam və qollar vuracam. Ölkəniz çox gözəldir, müasirdir. Tovuzu da sevdim, yaxşı azarkeşləri var. Onların dəstəyi bizimçün vacibdir.

Yaşınız çox deyil, şəxsi hədəfləriniz nədən ibarətdir?

- Bəli, yaşım azdır, bilirəm. Nailiyyətlər əldə etmək istəyirəm. Ən böyük arzularımdan biri Braziliya millisində oynamaq və "Turan Tovuz"la kuboklar qazanmaqdır.

Azərbaycanda çoxlu braziliyalı oynayıb. Onlardan hansı biri iləsə tanışsız?

- Bəli, Azərbaycanda oynayan çox braziliyalı tanıyıram. Həm də şəxsi tanışlıqlarım var.

Sizcə, "Turan Tovuz"un potensialı liqada hansı yeri tutmağa imkan verir?

- Səmimi danışacağam. Liqada çox yaxşı komandalar var. Mənə görə bizim komandamız günbəgün daha da inkişaf edir. Yaxşı baş məşqçimiz, texniki heyətimiz və futbolçularımız var. Hamısı çox sadə insanlardır. Turnir cədvəlinin üst pillələrində olmaq üçün komanda şəklində çox çalışırıq.

Növbəti tur evdə "Qəbələ" ilə oynayacaqsız. Bu matç haqqında fikirləriniz necədir?

- "Qəbələ" çox yaxşı komandadır, keyfiyyətli oyunçuları var. Amma biz evimizdə, azarkeşlərimizin önündə oynayacağıq. Qələbədən başqa heç bir şey haqda düşünmək istəmirəm.

Rövşən