"Turan Tovuz"da yeni sponsor
“Turan Tovuz” yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.
Mediasport.az xəbər verir ki, qərb təmsilçisi yerli “Tovuz Su” şirkəti ilə əməkdaşlıq edəcək.
Bölgənin tanınmış brendlərindən olan kampaniya Tovuz komandalarının su tərəfdaşı olacaq.
Əməkdaşlıq 2023-2024-cü illər mövsümünün sonunadək nəzərdə tutulub.
Bu müddətdə Tovuz şəhər stadionunda “Tovuz Su” reklam bannerləri yerləşdiriləcək. Eyni zamanda konfranslar, rəsmi görüşlər, iclaslar və s tədbirlər zamanı “Tovuz Su” məhsulları masanın üzərində yer alacaq.
Bundan əlavə, tərəflər keçirəcəkləri sosial məsuliyyət kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, "Tovuz Su" içməli su ilk dəfə 2018-ci ildə istehsal olunaraq satışa çıxarılıb. Brendin məhsulları Tovuz rayonu Böyük Qışlaq kəndində istehsal olunur.
Geridə qalan müddətdə şirkət inkişaf edərək böyümüş, bazarda öz sözünü demiş su istehsalçılarından birinə çevrilib. 2021-ci ildən şirkət məhsulları arasına şüşə qablaşmada olan çeşidləri əlavə edilib.
"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev əməkdaşlıqdan məmnun olduğunu bildirib:
“Biz hər zaman qapımızın dəstək olmaq istəyən şirkətlərə açıq olduğunu bəyan etmişik. Peşəkarlaşmaq, böyümək yolunda bu kimi əməkdaşlıqlar böyük addımdır. “Tovuz Su” şirkətinin rəhbərliyinə göstərdikləri diqqətə görə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, əməkdaşlığımız hər iki tərəfə düşərli və davamlı olacaq”.
“Tovuz Su” şirkətinin direktoru İsmayıl Həsənov da öz növbəsində “Turan Tovuz”la əməkdaşlıqdan razılığını ifadə edib:
“Ölkə futbolunun ən böyük markalarından “Turan Tovuz”la əməkdaşlıq etdiyimizə görə şadıq. Bu klubun tarixi, ölkə futbolundakı çəkisi haqda nəsə deməyə ehtiyac yoxdur. 110 illik futbol mədəniyyətinə sahib bir şəhərin komandasından söhbət gedir. Ümid edirəm ki, bizim əməkdaşlığımız digər sahələrdə fəaliyyət göstərən şirkətləri də “Turan Tovuz”a dəstək olmağa təşviq edəcək. Hər iki tərəfə uğurlu olmasını diləyirəm”.