“Turan Tovuz”da yeni tərəfdaş: Azarkeşləri də sevindirəcəklər
“Turan Tovuz” PFK yeni tərəfdaşlıq müqaviləsi bağlayıb.
Mediasport.az xəbər verir ki, klub bundan sonra ölkəmizin tanınmış şirkətlərindən olan “İnci Group of Companies” ilə əməkdaşlıq edəcək.
Anlaşma 2024-2025-cü illər mövsümünün sonunadək nəzərdə tutulub.
Şirkət tərəfindən əsas komandanın ev oyunları zamanı Tovuz şəhər stadionunda uduşlu əşya lotoreyası həyata keçiriləcək.
Bununla da bilet alan azarkeşlər məişət texnikası, elektron avadanlıqlar və digər hədiyyələr qazanmaq şansı əldə edəcəklər.
Tərəflər keçirəcəkləri sosial məsuliyyət kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.
Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev əməkdaşlıqdan məmnun olduğunu bildirib:
“Böyümək və peşəkarlaşmaq yolunda doğru addımlar atmaqda davam edirik. Son bir ay ərzində bu, ikinci əməkdaşlıq anlaşmasıdır. Ölkəmizin ən tanınmış şirkətlərindən olan “İnci Group of Company”nin rəhbərliyinə göstərdikləri diqqətə görə minnətdarıq. Ümid edirik ki, əməkdaşlığımız uzunmüddətli və və hər iki tərəf üçün səmərəli olacaq”.
“İnci Group of Companies” QSC-nin direktoru İsa Abbasov da “Turan Tovuz”la əməkdaşlıqdan razı qaldığını qeyd edib:
“Əməkdaşlığın hər iki tərəf üçün düşərli olmasını arzu edirik. “Turan Tovuz” ölkə futbolunun ən böyük dəyərlərindən biridir. Ümid edirəm ki, nümunəvi tərəfdaşlığımız digər sahələrdəki şirkətlərin də kluba dəstək olmasına təkan verəcək”.
Qeyd edək ki, “İnci Group of Companies” QSC fəaliyyətə 1995-ci ildə satış şirkəti kimi başlayıb.
Hazırda dünyanın bir çox tanınmış markalarının ölkə üzrə distribusiyasını həyata keçirir.
Şirkət Azərbaycanda OYAL məktəbli ləvazimatları, "Quicks" mətbəx və ev əşyaları markasının eksklüziv satıcısıdır.
OYAL və "Quicks" markalarının məhsulları paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə yerləşən məktəb və ofis ləvazimatlarının, həmçinin mətbəx və ev əşyalarının satıldığı bütün mağazalarından əldə etmək mümkündür.