"Semih məni xatırladı, dedi ki, sən 3 nömrə idin" - SAŞA YUNİSOĞLU
Azərbaycan milli komandasının sabiq futbolçusu, "Sabah" futbol akademiyasının məşqçisi Saşa Yunisoğlu Mediasport.az saytına müsahibə verib.
Bu yaxınlarda "Fənərbağça"nın düşərgəsinə yollanmış və Türkiyə millisinin keçmiş hücumçusu Semih Şəntürklə görüşmüşdüz. Təəssüratlarınız necədir?
- Keçən il Azərbaycan çempionatının U-17 və U-19 liqalarında çempion olan komandaların baş məşqçiləri kimi mən və Zaur Haciyev ("Qəbələ" U19) AFFA tərəfindən təcrübə toplamaq üçün "Fənərbağça" Futbol Akademiyasına göndərilmişdik. Gözəl təşkil olunmuş bu səfərə görə həm öz adımdan, həm də "Sabah" klubu adından federasiyaya təşəkkürümü bildirirmək istəyirəm. Orada bizi çox yaxşı qarşıladılar. Akademiyanın direktoru Sedat Karabük, koordinatorları Mehmet Hacioğlu, Cem Karaca, akademiyanın psixoloqu və bütün yaş kateqoriyaları üzrə məşqçiləri ilə görüşlərimiz oldu. Ümumi iki ölkə arasında uşaq futbolu barədə fikir mübadiləsi apardıq. Maraqlı görüşlərdən biri "Fənərbağça"nın U-19 komandasının baş məşqçisi Semih Şəntürklə oldu. Bir neçə il əvvə Bakıda Türkiyə yığmasına 1:0 qalib gəldiyimiz oyunu xatırladıq. Həmin görüşdə Semihlə oyun boyu çox yaxın oynayırdım. Məni xatırladı, dedi ki, sən 3 nömrə idin, amma indikindən arıq idin, deyəsən, fitnesslə məşğulsan (gülür).
Sabah "Qarabağ" Avropa Liqasında yeni tarix yaza bilər. "Hekken"lə oyun haqda nə düşünürsüz?
- "Qarabağ" tarixi bir oyuna çıxacaq. Düşünürəm ki, hazırda komandanın "Hekken" səddini keçmək üçün kifayət qədər gücü var. Bu mövsüm "Qarabağ" Avropa Liqasında inanılmaz keyfiyyətli oyun göstərir. Artıq avropa təcrübəsi sözünü deyir. Həm də Azərbaycan çempionatına ümumi baxanda "Qarabağ"a rəqib tapılmır. Təbii ki, "Qarabağ"a ürəkdən uğurlar və Avropa Liqasının pley-offuna çıxmağı arzu edirəm.
Millinin keçmiş üzvü kimi, yığmamızın son seçmə mərhələdəki çıxışları barədə nə deyə bilərsiz?
- Milli haqqında o qədər danışılıb ki... Yeni bir şey demək çətindir. Millimiz öz potensialından aşağı çıxış edərək ondan gözlənilən oyunu və nəticəni göstərə bilmədi. Bunun nəticəsində daim tənqid olundular və qalmaqallı baş məşqçi ilə müqavilə yenilənmədi. Düşünürəm ki, uğursuzluğun birinci günahkarı baş məşqçi Canni De Byazi idi.
Bəs sizcə, indi yığmanın baş məşqçisi kim olmalıdır - yerli, yoxsa xarici?
- Yeni baş məşqçinin kim olacağını deyə bilmərəm. Əgər xaricdən məşqçi Estoniya və ya Belarusa qalib gəlmək üçün gətirilirsə, ondansa gətirməsinlər. Qoy elə Azərbaycanlı olsun. Bizdə kifayət qədər savadlı məşqçilər var. Yenə də deyirəm, baş məşqçi kim olursa-olsun, təki, milli komandamıza və Azərbaycan futboluna xeyir versin.
Tarverdi