Xorvatiya mətbuatı Mahir Emrelinin "Nürnberq" karyerası barədə yazdı
Xorvatiya mətbuatı Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin "Dinamo"dan (Zaqreb) "Nürnberq"ə keçidindən yazıb.
Mediasport.az xəbər verir ki, "Index.hr" portalı forvardın Almaniya klubundakı çıxışından da söz açıb:
"Avqustun ilk günlərində "Dinamo" Mahir Emreli ilə müqaviləyə xitam verdiyini açıqlamışdı. Xorvatiya çempionu uzun müddətdir ki, böyük müqavilələri olan futbolçu yükündən xilas olmaq istəyirdi ki, 27 yaşlı Azərbaycan millisinin hücumçusu da onlardan biri idi. Emreli 2022-ci ilin fevral ayında "Legia"dan azad agent kimi "Dinamo"ya keçərək Zaqreb klubunda ən yüksək maaş alan futbolçulardan birinə çevrilmişdi. O, "Dinamo"nun heyətində 47 oyun keçirdi, 10 qol vurub, 5 məhsuldar ötürmə etdi.
Müqaviləyə xitam verildikdən 5 gün sonra Emreli "Nürnberq"ə keçdi. 2-ci Bundesliqada çıxış edən və turnir cədvəlinin zirvəsində olan klub azərbaycanlı futbolçudan ümid etdiyini almağa başlayıb. O, yeni mühitlə tanış olmaq üçün keçirdiyi bir neçə matçdan sonra üç görüşdə artıq 3 qol vurub. Emreli son iki liqa matçında iki dəfə fərqlənib: əvvəlcə "Qröyter"lə oyunda (4:0), sonra "Reqensburq"la matçda (8:3).
Azərbaycanlı hücumçu Almaniya kubokunun 1/16 final mərhələsində "Hoffenhaym"la oyunda ən yaxşı klublara da qol vura biləcəyini sübut etdi. 2-ci Bundesliqa klubu həmin görüşdə 1:2 hesabı ilə uduzsa da, sabiq "Dinamo"lu 47-ci dəqiqədə son üç oyunda 3-cü qolunu vuraraq hesabı bərabərləşdirib. O, çıxışına görə "Sofascore"dan 7,2 bal alıb. Bu da "Nürnberq"də ikinci ən yaxşı reytinqdir".
Xatırladaq ki, Mahir "Nürnberq"lə yayda 1 illik müqavilə imzalamışdı.