"Yarışa Avropa çempionu qismində gedib çempion kimi qayıdacağıq"
“Çempionluğa əsas namizədlərdən biri hesab edilirik. Ümidləri doğrultmağa çalışacağıq. Komandamıza inamımız tamdır”.
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov millinin dünya çempionatındakı şansları ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, əsas məqsəd mundialın qalibi olmaqdır: “Hədəfimiz daşıdığımız statusa uyğundur. Yarışa Avropa çempionu qismində gedib çempion kimi qayıdacağıq”.
Federasiya rəsmisi yığmanın baş məşqçisi Elşad Quliyevin heyət seçimi ilə bağlı çətinlik çəkdiyini qeyd edib: "Antalyadakı təlim-məşq toplanışında şəxsən iştirak etmişəm. Komandanın bütün üzvləri yarışa hazır idilər. Oyunçulardakı mübarizə əzminin şahidi oldum. Hətta onlar bəzən emosiyalara qapılır, məşqdə olduqlarını unudurdular. İnanıram ki, eyni mübarizə əzmini dünya çempionatının bütün oyunlarında görəcəyik”.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.