"Yenidən Avropa çempionu olmaq istəyirik" - Federasiya prezidenti
"Yenidən Avropa çempionu olmaq istəyirik. Çətin olsa da, bunu bacarmağa çalışacağıq".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov yığmanın Avropa çempionatına hazırlığı barədə jurnalistlərə açıqlamasında deyib.
O, digər rəqiblərin Azərbaycan millisindən çəkindiyini bildirib: "Minifutbol Azərbaycanda yüksək səviyyədə inkişaf edir. Yığma komanda və klublar üçün şərait yaradılıb. Milliyə cəlb olunan oyunçular yerli çempionatda çıxış edirlər. Komandamız daha yaxşısına layiqdir. Hazırda fikrimiz birinci yeri tutmaqdır".
Onun sözlərinə görə, regionlarda minifutbolun inkişafı üçün işlər görülür: "Çalışırıq ki, bu idman növünü bölgələrə də yayaq. Gələn il keçiriləcək dünya çempionatı üçün 23 yaşadək futbolçulardan ibarət yığma qurmağı planlaşdırırıq. Əlimizdən gələni edəcəyik ki, Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edək".
Qeyd edək ki, Avropa çempionatı iyunun 1-9-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq. Azərbaycan millisi İtaliya, Fransa və Belçika ilə birgə F qrupunda mübarizə aparacaq.