Yenidən prezident seçilən "Turan Tovuz" rəsmisi HESABAT verib

Yenidən prezident seçilən "Turan Tovuz" rəsmisi HESABAT verib

Növbəti 5 il üçün Qərb Regional Futbol Federasiyasına prezidenti seçilən Nadir Nəbiyev qurumun mətbuat xidmətinə açıqlama verib.

Mediasport.az xəbər verir ki, "Turan Tovuz" PFK-nın İcraçı direktoru geridə qalan müddətdə görülən işlərdən danışıb:

"Futbolun bölgəmizdə kütləviləşməsi üçün kifayət qədər iş gördük. Hər il müxtəlif səpkili turnirlər təşkil edirik. Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin, veteran futbolçu Sakit Alıyevin xatirə turnirlərini yüksək səviyyədə həyata keçirmişik. Uşaq liqalarındakı oyunları xüsusilə diqqət mərkəzində saxlayırıq. Futbolun kütləviliyi baxımından turnirlər təşkil etməyi hədəfləyirik".

Sabiq futbolçu C kateqoriyasına yiyələnən məşqçilərin sayını açıqlayıb:

"Məşqçilərin bilik və bacarıqlarının artırılması üçün müraciətimizə əsasən AFFA tərəfindən region məşqçilərinə C kateqoriyalı kurslar keçirildi. 20-dən çox məşqçi ilk dəfə bu kateqoriyaya yiyələndi".

Nəbiyev bölgə komandalarının çətinliklərindən də söz açıb:

"İstər Region Liqası, istərsə də 2-ci Liqada regionumuzu təmsil edən komandalarla sıx təmasdayıq. Mümkün qədər dəstək göstərməyə çalışırıq. Hər il daxili vəsaitimiz hesabına fərqlənən komandalar, futbolçular, məşqçilərə hədiyyələr, diplom və fəxri fərmanlar təqdim edirik. Bölgədəki komandalar, əsasən, top və inventarla bağlı çətinlik çəkirlər. Bu işdə də daxili imkanlarımız hesabına onlara dəstək olmuşuq".

Qurum rəsmisi futbolsuz qalan Gədəbəydə görəcəkləri işləri diqqətə çatdırıb:

"Hədəflərimiz, məqsədlərimiz çoxdur. Bölgəmizdə futbolun inkişafı üçün daim səylə çalışacağıq. Əsas prioritetlərimizdən biri regionumuza daxil olan və uzun müddətdir ki, futbolsuz qalan Gədəbəydə uşaq futbolunu yenidən dirçəltməkdir. Orada komandanın yaradılmasına, aşağı yaş qrupları üzrə kollektivlərin formalaşdırılıb rəsmi yarışlarda iştirakına kömək etmək və yerli məşqçilərin kateqoriya kurslarında iştirakına dəstək olmaq niyyətindəyik. Məqsədimiz Azərbaycan futbolunun inkişafına töhfə verməkdir".

Xatırladaq ki, Nadir Nəbiyev yanvarın 21-də Qərb Regional Futbol Federasiyasının növbəti 5 il üçün prezidenti seçilib.