Nicat Abbasov 1/16 finalda, Teymurla Rauf Dünya Kuboku ilə vidalaşdı
Bakıda təşkil edilən şahmat üzrə Dünya Kubokunda III mərhələnin tay-brek görüşləri keçirilib.
mediasport.az xəbər verir ki, 3 şahmatçımızdan yalnız Nicat Abbasov ümidləri doğruldub.
Teymur Rəcəbovla Rauf Məmmədov Dünya Kuboku ilə vidalaşıb.
Rəcəbov ispaniyalı Hayme Santosla qarşılaşıb. İlk partiyada ağ fiqurlarla oynayan qrossmeysterimiz məğlubiyyət acısı yaşayıb. İkinci görüşdə tərəflər heç-heçə edib. Yekunda ümumi nəticəyə əsasən Santos 1/16 finala vəsiqə qazanıb.
Məmmədov FİDE adından çıxış edən Yan Nepomnyaşiyə hər iki oyunda uduzmaqla turnirlə vidalaşıb.
Nicat Abasov isə niderlandlı Aniş Girini üstələməklə növbəti mərhələyə çıxıb. Abbasov ilk rapid oyununda məğlub olsa da, ikinci dueldə hesabı bərabərləşdirib. İlk iki blits partiyasında tərəflər heç-heçə ediblər - 0,5:0,5; 0,5:0,5. Növbəti blits partiyaları həlledici olub.
Birinci blits bərabərliklə başa çatsa da, növbəti oyun Abbasovun qələbəsi ilə yekunlaşıb. Azərbaycan şahmatçısı 1/16 finalda FİDE adından çıxış edən Pyotr Svidlerlə qarşılaşacaq.
Qeyd edək ki, bu gün Dünya Kubokunda istirahət günüdür.