AMADA geridə qalan 2023-cü ildə 7 sanksiya tətbiq edib - HESABAT
Beynəlxalq standartların, qabaqcıl təcrübələrin və müasir innovativ üsulların tətbiqi ilə ölkədə dopinq nəzarəti prosesini uğurla həyata keçirən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) növbəti məsuliyyətli ilin sonuna yaxınlaşır.
Mediasport.az xəbər verir ki, cari il AMADA-nın Təhqiqat şöbəsi 54 məsələ barədə araşdırma aparıb.
Bunlardan 16-sı antidopinq qayda pozuntusu, 38-i məkan məlumatı xətası olub. Məkan məlumatı xətasından 3-ü məkan məlumatının təqdim edilməməsi, 35-i isə buraxılmış testdir.
Hesabat dövründə idmançılardan 1100 antidopinq testi götürülüb və hazırda milli test proqramı ilin sonunadək davam edəcək. Milli test proqramının yekun sayı cari il dekabrın 30-da müəyyənləşəcək. Test bölüşdürmə planı 26 idman növünü və 51 yarım növü əhatə edir. 35 milli yarışda test etmə keçirilib, 11 beynəlxalq yarışda nümunə toplamaq AMADA-ya həvalə olunub. Testlərin 96,4 faizi Bakıda, 1,6 faizi bölgələrdə, 2 faizi isə dünyanın digər şəhərlərində götürülüb. Ümumi test olunan idmançı sayının 18 faizini azyaşlı, 7 faizini isə məhdud imkanlı idmançılar təşkil edir.
2023-cü ildə 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul olunub. Bunlardan 5-i idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadəyə cəhd antidopinq qayda pozuntusu, 1-i idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək, 1-i isə idmançı tərəfindən məkan məlumatı pozuntusu olub. Belə ki, idmanın triatlon növündə 3, boksda, pauerliftinqdə, kikboksinq və cüdoda 1 qayda pozuntusuna rast gəlinib.
Ümumilikdə il ərzində 3000 nəfəri əhatə edən 52 maarifləndirmə seminarı, 17 vebinar, 6 kütləvi təşviqat tədbiri və 5 tədbir keçirilib.
Cari ildə AMADA Keniya, Yaponiya, Bolqarıstan milli antidopinq təşkilatları, Avropa Həndbol və Beynəlxalq Atıcılıq İdmanı federasiyaları, Dünya Hərbi İdman Şurası ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalayıb.
İl ərzində AMADA-nın əməkdaşları Ümumdünya Antidopinq Agentliyi, Avropa Şurası, UNESCO, Beynəlxalq Test Agentliyi və digər qurumların antidopinq sahəsində təşkil etdiyi mötəbər yarışlarda fəal iştirak ediblər.