Amerika Kuboku: Turnirin hansı ölkədə keçiriləcəyi dəqiqləşib
2024-cü il iyunun 20-dən iyulun 14-dək keçiriləcək Amerika Kubokuna ev sahibliyi edəcək ölkənin adı açıqlanıb.
Mediasport.az xəbər verir ki, öncədən sayca 48-ci çempionatın Ekvadorda keçirilməsi planlaşdırılsa da, yekun qərara əsasən, turnir ABŞ-də baş tutacaq.
Amerika Kubokunda 16 milli komanda iştirak edəcək. Cənubi Amerika Futbol Konfederasiyasından (KONMEBOL) 10 yığma - Argentina, Boliviya, Braziliya, Çili, Kolumbiya, Ekvador, Paraqvay, Peru, Uruqvay və Venesuela qızıl medallar uğrunda yarışacaq.
Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasından isə (KONKAKAF) 6 milli komanda mübarizə aparacaq. Onlardan 4-ü məlumdur: ABŞ, Panama, Yamayka, Meksika.
Amerika Kubokunun son qalibi Argentinadır. Turnirin qızıl medallarına ən çox yiyələnən 2 yığma Uruqvay və Argentinadır (hər ikisi 15 dəfə).
Xatırladaq ki, 2024-cü ildən sonra turnir dörd ildən bir baş tutacaq.