Anatoli Banişevski - 77
Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin anadan olmasından 77 il ötür.
mediasport.az xəbər verir ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olmuş Banişevski artıq 15 yaşı olanda SSRİ-nin ən istedadlı və mahir futbolçularından sayılıb.
Onun 17 yaşında SSRİ-nin əsas milli komandasına qəbul edilməsi təsadüfi olmayıb. Banişevski karyerası ərzində 100-dən çox qol vurub.
A.Banişevski “ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub.
1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə Dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) “Neftçi”li “Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.
SSRİ-nin Əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan A.Banişevski daha sonra “Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zaman ağır xəstəliyə tutulan A.Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib.
O, ölümündən bir il əvvəl “Şöhrət” ordeni ilə təltif olunub.