Qardaşından Ruslan Abışov haqda çoxlarının bilmədiyi ŞOK FAKTLAR
Peşəkar karyerasını ötən ay başa vurmuş Azərbaycan milli komandası və "Neftçi"nin sabiq futbolçusu Ruslan Abışov bu gün sevimli klubu "Neftçi"nin heyətində vida matçına çıxacaq.
Mediasport.az xəbər verir ki, bu, axşam “Neftçi Arena”da təşkil olunacaq “Zenit”lə yoldaşlıq oyununda baş tutacaq.
Vida görüşünə saatlar qalmış futbolçunun meneceri olmuş qardaşı, idman jurnalisti Sərxan İbrahimoğlu maraqlı paylaşımla diqqət çəkib.
Azərbaycan Minifutbol Federasiyasının mətbuat katibi Ruslanın "Rubin"ə transferi ərəfəsində yaşadıqları, çoxlarının bilmədiyi hadisənin detallarını açıqlayıb.
Sərxanın paylaşımını olduğu kimi təqdim edirik:
"7 saatlıq ürək əməliyyatı və ya 2013 cü ildə bitməli olan karyera
Onsuz da, doğma klubu “Neftçi”dən əzəli rəqibi “Xəzər-Lənkəran”a keçəndən ürəyi çox sıxılırdı. Allah tərəfi, “Rubin”dən gələn növbəti təklif tam ürəyindən olmuşdu.
Yeni klubuna yollanmazdan 5 gün əvvəl burnundakı çəpər əyriliyi səbəbi ilə keçirdiyi əməliyyat uğursuz alınmışdı. Bu səbəbdən komandanın ilk məşqlərini kəskin qanaxmaya görə dəfələrlə yarımçıq saxlayırdı.
Bir neçə gündən sonra isə tibbi müayinədən keçməli və “Rubin”lə 5 illik müqavilə nəzərdə tutulmuşdu. Antalyanın adlı-sanlı klinikalarının birində keçirilən müayinə nədənsə bitmək bilmirdi.
Klub həkimlərinin klinika mütəxəssisləri ilə uzun sürən diskussiyası heç də xoş əlamət deyildi.
Nəhayət, xəstəxanın baş həkimi məni otağına dəvət edib, olduqca məyus halda, eyni ilə bu ifadəni işlətdi: “Ruslanın ürəyində ciddi problem var, qardaşınızın bu vəziyyətdə futbol oynamağı mümkün deyil” və mən… (şərhsiz)
Daha sonra bu vaxta qədər necə futbol oynadığına təəccübləndiyini bildirdi. Mən isə ona acığımdan məsələni şişirtdiyini, mərdimazarlıq etdiyini dedim və ondan daha məsuliyyətli rəy verməsini tələb etdim.
Ancaq heç nə dəyişmədi. Müayinənin nəticələri dərhal Almaniyaya göndərildi və oradan gələn cavab ailəliklə hamımızı sarsıtdı.
Bəli, Ruslan ürəyindən əməliyyat olunmalı idi. Karyerasını davam etdirmək üçün bu, qaçılmaz idi. Sonrakı aqibəti isə həkimin qərarından asılı idi .
Ölkədə isə müqavilənin niyə bu qədər uzandığını məndən soruşmayan adam qalmamışdı. Əslində nəinki “Rubin”, ümumiyyətlə, qardaşımın karyerasının bitmək üzrə olduğunu qəbul etmişdik.
7 saat davam edən əməliyyatın ardından hər şeyin qaydasında olduğunu bildirdilər. 5 gün sonra almaniyalı həkimdən böyük həyacanla gözlədiyimiz rəyi, yarım aya yaxın, gülməyən üzümüzü az da olsa, güldürdü.
Bundan sonra oynamağında cüzi də olsa, risk qalırdı. Lakin həkim “Bundesliqa”da oynayan bəzi futbolçuların da məhz bu problemlə üzləşdiyini və əməliyyat olunduqdan sonra oynaqdıqlarını da deyərək son qərarı Ruslanın özünə saxlamışdı.
O, artıq Bakıya qayıtmış, bir müddətdən sonra yerli klubların birində karyerasını davam etdirmək barəsində fikirləşirdi. Bu anda “Rubin”in baş məşqçisi Qurban Berdiyevdən gələn gözlənilməz zəng, həqiqətən, təsirli olmuşdu.
Ruslanın psixologiyasının hansı vəziyyətdə olduğunu başa düşən Berdiyev ona toparlanmaq üçün vaxt verəcəyini və daha da güclü qayıdacağına inandığı üçün ona kömək edəcəyini bildirmişdi.
2 gün sonra isə Ruslan artıq “Rubin”lə İspaniyanın Marbella şəhərindəki düşərgəsində idi.
Məlum əməliyyatdan sonra Ruslanın oyunlarını bacardıqca stadiondan canlı izləməyə çalışırdım. Adi epizodlarda yerdə yarım saniyə hərəkətsiz qalanda belə dərhal ağlıma hər cür fikir gəlirdi…
Allaha çox şükür, qardaşım artıq bu gün, karyerasında sonuncu oyununa çıxacaq. Ona ən çox yaraşan ağ-qara formasıyla “Zenit”ə qarşı matçdan sonra futbolla vidalaşacaq.
Doğma klubu “Neftçi” ailəsinə Abışovun ürəyindəki arzusunu reallaşdırdığı üçün təşəkkür edirəm!
Bundan başqa, hər zaman Ruslana dəstəyini əsirgəməyən , mənim idman jurnalistikasında olan qardaşlarıma, bütün azarkeşlərə (xüsusilə sadiq azarkeşlərinə) sidqi-ürəkdən minnətdarlığımı bildirirəm!
Hə, bir də, evimizdə 5 yaşlı daha bir Ruslan Abışov var. Qismət olsa, yenə görüşərik".
Qeyd edək ki, Ruslan karyerası ərzində ölkəmizdə "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "İnter" (hazırkı "Şamaxı"), "Sabah" və Rusiyada "Rubin" klublarında çıxış edib.
36 yaşlı müdafiəçi Azərbaycan millisində 56 oyun keçirib və 4 qol vurub.