MÜSAHİBƏ: "Araz Naxçıvan" "qara qutu"dur, Avropada heç kim tanımır"
"Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov "Turan Tovuz"la yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb:
MediaSport.az 42 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
- Hazırlığa bir neçə gündür başlamışıq. Zədəli oyunçularımız da var idi. Futbolçuların hərəkətliliyini istəyirdim. Oyunçulara tapşırıqlar vermişdim. 50-60 faiz öhdəsindən gəldilər. Nəzərə alaq ki, hələ uşaqlar formada deyillər. Mövsümün ilk 1-2 turunda çətinlik ola bilər. Ondan sonra hər şey öz axarına düşəcək.
Komandanın hazırlığından razısınız?
- Razı deyiləm. İstədiyim futbolçular hələ ki, əlimdə yoxdur. 1-2 gün istirahət edəcəyik. Ondan sonra Premyer Liqada görmək istədiyimiz legionerlər dəvətlərimizi qəbul etsələr, hər şey daha aydın olacaq.
Transferlərə gecikmirsiz?
- Gecikirik. Başqa varian da yoxdur. Çalışacağıq ki, işimizlə bunu sığortalayaq.
Hansı mövqelərə transfer olacaq?
- Cinah müdafiəçilərimiz var. Onlardan maksimum yararlanmaq istəyirik. Orta sahədə, hücumda legionerləri görmək istəyirik.
Transferlərin gecikməsi klubdakı qeyri-müəyyənliklə bağlı idi?
- Ümumilikdə elədir. Artıq yeni rəhbərimiz var. Hədəflər fərqli olacaq. Onlarsız heç bir addım ata bilmirdik. Artıq hər şey həll olundu. Yeni rəhbərliyin tapşırığı ilə başqa formata keçəcəyik. Yaxın günlərdə hamı görəcək.
Ev oyunlarınızı harada keçirəcəyiniz dəqiqləşib?
- Bu sual klub rəhbərliyinə verilsə, yaxşı olar. Bu gün bizə burada olmaq, komandanı formalaşdırmaq tapşırılıb. Yəqin ki, qısa zamanda stadion məsələsi dəqiqləşər.
Naxçıvanda oynamaq hər halda komandaya daha yaxşı təsir edər.
- Əlbəttə. Evdə oynamaq bizim üçün üstünlük olar. Naxçıvanda futbolu sevirlər. İnanıram ki, doğma divarlar arasında çox şey edə bilərik.
Naxçıvan şəhər stadionunda işlər görülür?
- Artıq bu gündən başlaya bilər. Yeni rəhbərlik tapşırıq verib ki, tez bir zamanda həll olunsun.
Rəhbərliklə görüşmüsüz?
- Yox. Çünki, oyuna hazırlaşırdıq. Yəqin ki, növbəti gün görüşəcəyik.
Ötən mövsüm komanda I Diviziona daha yaxşı hazırlaşırdı. Çempion olandan sonra yaranmış qeyri-səmimiyik sizin üçün gözlənilməz oldu?
- Təəccüblü olmadı. Bir məşqçi olaraq buna da hazır olmalıyıq. Gecə-gündüz çalışıb öz işimizlə bunu sığortalamağa çalışırıq. Gecə də evə getmirik, oyunçular axtarırıq. Bahalı futbolçular gəlmir. Çünki, "Araz Naxçıvan" "qara qutu"dur, Avropada heç kim tanımır.
"Qara qutu"ya futbolçu cəlb etmək çətin olmayacaq?
- Çətin olacaq. Bunu bilirik. Maddi cəhətdən də oyunçuları cəlb etməyə çalışacağıq. Öncə daha layiqli futbolçular gətirməliyik. 2-3 tur çətinliyimiz olacaq. Milli fasilədən sonra toparlanacağıq.
Rəhbərlik uğursuz nəticələrə dözəcək?
- Bunu zaman göstərəcək.
Ərzuruma təlim-məşq toplanışına gedəcəksiz?
- 4-5 legioner var, onları gözləyirik. Ayın 18-i gedəcəyik. Yerimiz də hazırdır. Hələ bir həftəmiz var.
Yoxlama oyunu üçün rəqiblər bəllidir?
- Bəli. Üç rəqiblə danışmışıq. Adlarını sonra açıqlayacağıq.
Məşqçilər korpusu tam formalaşıb?
- Demək olar ki, bəli. Lazım olsa, əlavə mütəxəssis dəvət edəcəyik.