"Zirə" Azərbaycan Premyer Liqasının tarixinə düşdü
“Zirə” Azərbaycan çempionatları tarixinə startda ardıcıl 4 qələbə qazanan 10-cu komanda kimi düşüb.
Mediasport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə “Qarabağ”, “Kəpəz” və “Sabah”ı eyni – 1:0, “Səbail”i 2:1 hesabı ilə məğlub edib.
Qəsəbə təmsilçisi tarixində ilk dəfə yarışa belə uğurla başlayıb. 1992-ci ildən keçirilən yarışda bunadək 9 komanda belə starta imza atıb.
“Qarabağ” hamıdan çox – 5 dəfə (2003/04, 2013/14, 2017/18, 2019/20, 2022/23) ilk dörd oyununda 12 xal toplayıb. “Neftçi” dörd fərqli mövsümə (1992, 1994/95, 1996/97, 2000/01) 4 qələbə ilə başlamağı bacarıb. “Şəmkir” (2001/02, 2003/04) və “Xəzər Lənkəran” (2006/07, 2007/08) hərəyə iki, digər 5 komanda isə “Zirə” kimi bir dəfə belə starta sevinib. “Xəzri” 1995/96, “Kəpəz” 1998/99, AZAL 2007/08, “Şəfa” 2003/04, “Sabah” 2022/23 mövsümünün əvvəlində qarşısıalınmaz olmağı bacarıb.
Qeyd edək ki, startda dörd məğlubiyyət alan yeganə komanda “Qəbələ” də ilk dəfə belə seriya yaşayıb.