"Araz-Naxçıvan"ın oyunçusunun etdiyi qəsdən qayda pozuntusu deyil" - HK sədri Frank De Blekere
"Ayağının ucu ilə "Turan Tovuz" komandasının oyunçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir".
Mediasport.az xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının 7-ci turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" (1:2) matçında qonaqların hücumçusu Ramon Maçadonun 13-cü dəqiqədəki epizodu barədə danışarkən deyib.
O, müdaxilənin qəsdən edilmədiyini və hakimin qərarının doğru olduğunu bildirib.
"Təlimatlara əsasən, "Araz-Naxçıvan"ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik. O, ayağının ucu (butsun altı ilə deyil) ilə müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, "Araz-Naxçıvan"ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil".
Xatırladaq ki, qərblilər cari mövsüm ilk məğlubiyyətini Muxtar Respublika təmsilçisi ilə matçda aldı.