"Güclü və zəif tərəflərimi, nəyə qadir olduğumu bilir" - Mirzov
"Neftçi"nin futbolçusu Reziuan Mirzov paytaxt təmsilçisinin yeni baş məşqçisi Miodraq Bojoviç haqda danışıb.
Mediasport.az xəbər verir ki, o, monteneqrolu çalışdırıcının yaxşı oyun qurduğunu, hücum futbolu oynatdığını deyib:
"Haradasa 10 il müddətində "Dinamo", "Lokomotiv", "Rostov", "Arsenal" (Tula) kimi komandaların baş məşqçisi olub və yaxşı nəticələr qazanıb. Baş məşqçimiz mənim çox yaxşı tanıdığım bir çox insanlarla birlikdə çalışıb. Həmin şəxslər həm insan, həm də məşqçi kimi Bojoviç haqqında yalnız yaxşı fikirlər səsləndirirlər. Deyirlər ki, komanda daxilində müsbət ab-hava yaradır, yaxşı nəticə üçün səylə çalışır. Çox şadam ki, komandamızda belə bir mütəxəssis işləyəcək".
30 yaşlı yarımmüdafiəçi Bojoviçin təyinatının komandaya müsbət təsir göstərəciyinə ümid edir:
"Rusiyada üz-üzə gələndə görüşüb söhbətləşirdik. O, Rusiya Premyer Liqasında işlədiyi dönəmdə mən də orada çıxış etmişəm. Düşünürəm ki, güclü və zəif tərəflərimi, nəyə qadir olduğumu bilir. Çox şadam ki, komandamızı belə bir məşqçi çalışdıracaq. Ümid edirəm ki, onun rəhbərliyi altında hər şey istədiyimiz kimi alınacaq və turnir cədvəlində mümkün qədər çox irəliləyəcəyik".
Bojoviçlə 6 ay+1 illik anlaşmaya imza atılıb.
Xatırladaq ki, o, istefaya göndərilən rumıniyalı Adiran Mutunu əvəz edib.