"Arxayınlaşdılar və görüşün artıq başa çatdığını düşündülər"
"3 periodda yaxşı çıxış edib oyundan öncə tərtib etdiyimiz plan üzrə hərəkət etsək də, sonuncu perioddan narazı qaldım. 4-cü periodda heyətdə dəyişikliklər etsəm də, 29 xal itirməli deyildik.
Mediasport.az xəbər verir ki, bu sözləri "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.
Azərbaycan kubokunda "Şəki"ni 103:82 hesabı ilə məğlubiyyətə uğratdıqları oyun haqda danışan təcrübəli mütəxəssis sonuncu perioddakı çıxışlarından narazı qaldığını deyib:
"Ola bilər bəzi oyunçular hesab arasında fərqin 40 yüksəlməsindən sonra arxayınlaşdılar və görüşün artıq başa çatdığını düşündülər. Lakin peşəkar basketbolçu hesabı düşünməməli, sona kimi mübarizə aparmalıdır. Sonuncu hissədə isə bunu görmədim.
Bunun üzərində işləməliyik. Lakin istənilən halda qələbə qələbədir. Ümumi götürsək oyun gözlədiyimiz kimi keçdi. Komanda olaraq xallar toplamağımız məni sevindirir. 28 assist etməyimiz topun hərəkətdə olduğunu göstərir. Aqressiv oynayaraq rəqibi 20 dəfə topu itirməyə məcbur etdik. “Gəncə” ilə oyuna qədər bəzi çatışmazlıqları aradan qaldırmalıyıq".