"Aston Villa"nın yarımmüdafiəçisi: "Azərbaycan üçün çətin olacaq"
"Hesab edirəm ki, sabahkı matç həm Azərbaycan, həm də bizim üçün çətin olacaq. Özümə gəlincə, hazırlıq səviyyəm yaxşıdır, klubumda davamlı olaraq oynayıram".
Mediasport.az xəbər verir ki, bu sözləri sabah AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasının qonağı olacaq Belçika millisinin yarımmüdafiəçisi Yuri Tilemans deyib.
"Aston Villa"nın 26 yaşlı futbolçusu matçöncəsi mətbuat konfransında sabahkı görüşlə bağlı fikirlərini bölüşüb:
"Meydanın keyfiyyəti hər iki komanda üçün eynidir. Nəzərə alsaq ki, hər iki komanda topla oynamağı xoşlayır. Ona görə də çətinliyi gözləmək olar. Kevin De Bruynenin olmaması bizimçün çətindir. Amma komandamızda kifayət qədər yaxşı, güclü futbolçularımız var. Komanda şəklində hücumda fürsətlər yaratmağa çalışacağıq. Gənc futbolçular məşqlərdə əllərindən gələni edirlər ki, əsas heyətə düşsünlər. Hər kəs əsas heyət uğrunda oynayır".
Azərbaycan - Belçika matçı "Dalğa Arena"da keçiriləcək və saat 17:00-da başlanacaq.