AVF-dən ikinci BƏYANAT: Qarabağ klubu ilə bağlı qalmaqal böyüyür
Kişi voleybolçulardan ibarət "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" komandalarının maliyyə sıxıntısı yaşadığından məlumatınız var.
Mediasport.az xəbər verir ki, eyni rəhbərliyin idarəçiliyində olan hər iki klub artıq dağılmaq üzrədir.
Klub rəsmilərinin, voleybolçuların sosial şəbəkələrdə paylaşdığı statuslardan, son olaraq "CBC Sport" kanalında yayımlanan verilişdə danışdıqlarından məlum olur ki, mövsümün əvvəlində maddi təminatı üzərinə götürən sponsor öhdəlikdən boyun qaçırıb və klublar çıxılmaz vəziyyətdə qalıb.
Azərbaycan Voleybol Federasiyası bir neçə gün əvvəl yaranmış vəziyyətlə bağlı bəyanat yayaraq bildirmişdi ki, bu klubların problemlərinin quruma aidiyyəti olmasa da, bacardıqları köməkliyi göstərməyə çalışacaqlar.
"Xarı Bülbül Şuşa" klubunun rəhbəri və kapitanı, eyni zamanda sponsoru İlqar İmamquliyevlə baş məşqçi Ziya Rəcəbovun 2 gün öncə adıçəkilən kanalda yeni iddialar səsləndirməsi, maliyyə problemində, sponsor məsələsində daha çox federasiyanı ittiham etməsi AVF-ni növbəti dəfə bəyanat yaymaq məcburiyyətində qoyub.
Azərbaycan Voleybol Federasiyası, beləcə, ikinci dəfə bəyanat yayıb:
"Son günlər “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının maliyyə çətinliyi ilə bağlı məsələləri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmişdir.
Məsələ ilə əlaqədar Azərbaycan Voleybol Federasiyası bildirir ki, Azərbaycan Respublikasının milli çempionatlarında təmsil olunan komandalar maliyyə resurslarını özləri müəyyən edir və voleybolçularla müqavilələr bağlayaraq hazırlıq proseslərinə başlayırlar. Azərbaycan Voleybol Federasiyası müvafiq qaydada çempionatın keçirilməsi ilə bağlı mümkün maliyyə imkanları çərçivəsində komandalara dəstək göstərir.
Beləliklə, digər komandalar kimi “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları da göstərilən meyarlar əsasında Yüksək Liqada çıxış etmək üçün Azərbaycan Voleybol Federasiyasına müraciət etmişdir. Əlavə olaraq, “Xarı Bülbül Şuşa” komandasının avrokubok oyunlarında iştirakı ilə əlaqədar yaranacaq xərclərlə bağlı “Xarıbülbül Voleybol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti 5 iyun 2023-cü il tarixli müraciəti ilə Azərbaycan Voleybol Federasiyası qarşısında öhdəlik götürmüş və bu barədə klub tərəfindən federasiyaya müvafiq zəmanət məktubu təqdim edilmişdir.
Yüksək Liqa çempionatının və avrokubok yarışlarının gedişatında “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları maliyyə çətinliyi ilə əlaqədar Azərbaycan Voleybol Federasiyasına müraciət etmiş və federasiya öz növbəsində müvafiq köməkliyin göstərilməsi üçün klublardan oyunçularla müqavilə şərtləri haqqında məlumatlar istəmişdir. Sözügedən məlumatlar federasiyaya təqdim edilməsə də, hər iki komandanın bir aylıq əmək haqqları klubun hesabına köçürülmüşdür.
Azərbaycan Voleybol Federasiyası buna qədər də öz imkanları daxilində sözügedən klublara dəstək olmuşdur. Belə ki, “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının bütün mövsüm ərzində GİN-in Voleybol Mərkəzindən istifadəsi ilə bağlı bütün xərclərini (məşqlərin və oyunların keçirilməsi) öz üzərinə götürmüşdür. Eyni zamanda, federasiya “Xarı Bülbül Şuşa” komandasının xarici oyunçularının transfer xərclərini ödəmişdir.
Bu kimi halların baş verməməsi üçün federasiya tərəfindən klublara oyunçu transferini, texniki heyətini və təlim-məşq toplantıları ilə bağlı danışıqlarını büdcə təsdiq edildikdən, maliyyə mənbələri aydın olduqdan sonra başlamasını tövsiyə etmişdir.
Azərbaycan Voleybol Federasiyası qeyd edir ki, “Xarı Bülbül Şuşa” komandası bu mövsümə qədər öz imkanları ilə Yüksək Liqada çıxış etmiş və federasiyadan heç bir köməklik istəməmişdir.
Azərbaycan Voleybol Federasiyası öz işini İdarə heyəti tərəfindən təsdiq edilmiş strateji fəaliyyət planı və son icra tarixləri müəyyən edilmiş tədbirlər planına uyğun həyata keçirir. Kişilər, eləcə də qadınlar arasında Yüksək Liqada çıxış edən klubların sayının artırılması, uşaq voleybolunun inkişaf etdirilməsi baxımından regional voleybol klublarının yaradılması, aşağı yaş qrupları üzrə bir sıra beynəlxalq yarışlarda iştirak, çimərlik voleybolunun inkişafı və bu kimi digər vəzifələr cari mövsüm öncəsi Azərbaycan Voleybol Federasiyasının qarşısında duran prioritet vəzifələrdir".
Federasiyanın sosial şəbəkə hesablarında paylaşılmış ikinci bəynatına İlqar İmamquliyev belə şərh yazıb:
"Biz problem barəsində yay aylarından dəfələrlə müraciət etmişik. Komanda Avropada iştirak etməsəydi, klub fəaliyyətinə ümumiyyətlə davam etməyəcəkdi. Qaranti məktubunu da məcburən 05 iyun, Avrokuboka sifarişin son günündə verdik ki, Avrokubokda olmayan komandaya digər razılıq əldə etdiyimiz sponsorlar da yaxın durmayacaqdı. Ondan sonra sponsorların razılaşmadığını və yenidən axtarışa çıxdığımızı dəfələrlə bildirdik. İclaslarda hər kluba,o cümlədən bizim kluba da eyni məbləğ ayrılacağı söylənildi. Növbəti iclasda Xarı Bülbül və Neftçiyə bu məbləğin ayrılmayacağı deyildi. Sonra yeni prezident təqdimatında kluba beş min manat ayrılacağı söylənildi. İyulun ortasına kimi qapı qapı sponsor axtarmışıq və bunu da hər kəs bilir.
Transfer sertifikatı,bir aylıq maaş və Yunanıstan biletini aldığınızı hər yerdə deyib təşəkkür etmişik. İndi də edirik. Səbəbinin də klubun fəaliyyətinin davam etməsi üçün deyil, Avropadan sanksiya almamağımızdır ki,bunu bütün tərəflər çox gözəl bilir.
Biz aqresiyya göstərmirik,amma birtərəfli danışaraq insanları buna məcbur etməyin. Bizim də deyəcəyimiz çox söz, bizə də verilən bol bol vədlər var idi...
Gəlin,burda dayanaq və günahkar axtarmaq əvəzinə özünüzün də bildiyiniz səbəblərdən dolayı çətin vəziyyətdə olan və ilk növbədə voleybolun,sizin işiniz adına xidmət göstərən kluba dəstək olaq, sponsor tapaq, digər klublara etdiyiniz kimi. Daha bəhanə yox.
Minnətdarıq".