Avropa çempionatı: Azərbaycanın qadın güləşçiləri məğlub olublar
Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşçilərin də mübarizəsinə start verilib.
Bu gün 5 - 50 kq, 55 kq, 59 kq, 68 kq və 76 kq çəki dərəcələrində iştirakçılar mübarizə aparıblar.
Azərbaycan millisi bu kateqoriyalardan üçündə təmsil olunub.
Lakin Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova (59 kq) elə ilk görüşdə uduzublar.
İdmançılarımızın rəqibləri axşam seansında finala yüksəlsə, sabah təmsilçilərimiz təsəlliverici görüşdə iştirak edəcəklər.
Yunan-Roma güləşçilərinin bu gün baş tutacaq medal görüşlərində Nihad Quluzadə (60 kq) və Qurban Qurbanov (82 kq) döşək üzərinə qızıl medal üçün çıxacaq.
Ruslan Nurullayev (72 kq) bürünc medal uğrunda, Murad Əhmədiyev (97 kq) isə təsəlliverici görüşdə gücünü sınayacaq.
Qarşılaşmalar saat 18:00-dan etibarən "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Xatırladaq ki, əvvəlki iki gündə millimiz 4 mükafat əldə edib - Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.