"Dünya Kuboku bizim üçün çox vacibdir" - MİLLİMİZİN LİDERİ
"Ölkəmizdə güləşin nə qədər güclü olduğunu göstərmək istəyirik".
mediasport.az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Bakıda keçiriləcək Dünya Kuboku ilə bağlı danışarkən deyib.
55 kq çəki dərəcəsində çıxış edən idmançı yarışa tam sürətlə hazırlaşdıqlarını bildirib: "Dünya çempionatından az müddət keçib. Buna baxmayaraq, heç birimiz istirahət etmədən güclü hazırlıq prosesinə start vermişik. Komanda olaraq özümüzü ən yaxşı şəkildə göstərmək niyyətindəyik. 2022-ci ilə yaxşı start vermişik. İlin ilk yarısında Avropa çempionu adını qazandıq, daha sonra isə komanda olaraq dünya ikinciliyinə sahib çıxdıq. Qarşıda bizi daha bir mötəbər turnir gözləyir. Bakıda güləşdiyimiz üçün Dünya Kuboku bizim üçün daha çox vacibdir".
30 yaşlı güləşçi Dünya Kubokunun püşkünün tam ədalətli olduğunu deyib: "Turnirdə Türkiyə, İran, Azərbaycanla yanaşı dünya yığması da iddialıdır. Güclülərdən ikisi bir qrupa, digər ikisi isə başqa qrupa düşüb. Bizim qrupdakı ən böyük rəqibimiz dünya seçməsidir. Son dünya çempionatında Serbiya da özünü yaxşı tərəfdən göstərib və 4 qızıl medal qazanıb. Buna baxmayaraq, digər çəkilərdə boşluqları var. Onları buna görə üstələyəcəyimizi düşünürəm. Dünya yığmasında isə son mundialın medalçıları yer alıb. Qrupda ən çətin görüşümüz onlara qarşı olacaq".
2 qat dünya və 2 qat Avropa çempionu ilin son sınağına çıxacaqlarını vurğulayıb: "Azərbaycan çempionatında iştirak etməyəcəyəm. Amma 2023-cü ilin ilk yarısında bizi ciddi sınaqlar gözləyir. Məşqçilər və federasiya rəhbərliyinin qərarı ilə hansı çəkidə mübarizə aparacağımızı müəyyənləşdirəcəyik".