Avropa çempionatı: Daha 4 qadın güləşçimiz mübarizəyə başlayır
Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşində daha 5 çəkidə mübarizəyə start veriləcək.
Azərbaycan 4 çəkidə təmsil olunacaq.
Yarışa 1/4 finaldan start verəcək Elnurə Məmmədova (53 kq) Viktoriya Volkla (AİN), Jalə Əliyeva (57 kq) Nesrin Suleymanova (Bolqarıstan) ilə qarşılaşacaq.
1/8 finaldan mübarizəyə başlayacaq Nigar Mirzəzadə (65 kq) Maşa Peroviçlə (Serbiya), Mərziyə Sadıqova (72 kq) isə Eleni Krisikaki (Yunanıstan) ilə üz-üzə gələcək.
Bu gün həmçinin, daha iki qadın güləşçimiz medal qazana bilər. 50 kq-da Şəhanə Nəzərova və 59 kq-da Ruzanna Məmmədova təsəlliverici görüşlərinə çıxacaq.
Qeyd edək ki, əvvəlki üç gündə Azərbaycanın yunan-Roma millisi 8 medal qazanmaqla komanda hesabında ilk dəfə Avropa çempionu olub.
Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal əldə edib, Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97) isə bürünc medala yiyələniblər.