"Ayaks"ın yetirməsi: "Mənim azarkeşlik etdiyim klub "Səbail"dir"
"Azarkeşlərə izləmək üçün yaxşı oyun olacaq. Hər iki komanda yaxşı vəziyyətdədir. Özüm də baxacam, maraqlı matç olacaq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Səbail"in niderlandlı futbolçusu Süleyman Alluş deyib.
"Ayaks"ın yetirməsi sabiq klubunun bu gün UEFA Avropa Liqası çərçivəsində Bakıda "Qarabağ"la matçından gözləntilərini dilə gətirib.
22 yaşlı forvard heç bir komandaya azarkeşlik etməyəcəyini bildirib:
"Mənim azarkeşlik etdiyim klub "Səbail"dir (gülür). "Ayaks" keçmiş klubumdur, çoxdandır oradan kimləsə danışmıram, amma lazım olsa, əlaqələrim qalır. "Qarabağ" da yaxşı komandadır. Məncə, görüş bərabərliklə başa çatacaq".
Xatırladaq ki, bu ilin fevralından Bayıl klubunda çıxış edən hücumçu 2019-cu ildə Niderlandın U-17 milli komandasının heyətində Avropa çempionu olub.