"Neftçi"yə qarşı xüsusi bir hazırlığımız yoxdur" - Azər Bağırov
"Hazırlıqlarımız yaxşı keçdi, hər şey qaydasındadır. Komanda həm fiziki, həm də taktiki cəhətdən mən istədiyim formaya düşməyə yaxınlaşır".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib.
Premyer Liqanın debütantının gənc çalışdırıcısı döyüşkən kollektiv formalaşdırmaq istədiyini bildirib: "İstəyirəm ki, 90 dəqiqə sona qədər mübarizə aparan, vuruşan komanda formalaşdıraq. Oyundan-oyuna daha yaxşı nəticələr qazanmağa çalışırıq. "Qarabağ"la matçda uşaqlar yaxşı performans göstərdilər, qalan 2 oyunu da pis keçirməmişik".
Bağırov "Neftçi" ilə qarşıdakı oyunla bağlı fikirlərini də bölüşüb: "Neftçi"yə qarşı xüsusi bir hazırlığımız yoxdur. Meydana çıxıb ilk dəqiqələrdən mübarizəmizi, döyüşkənliyimizi göstərməyə çalışacağıq. "Neftçi" bu gün Azərbaycanda 3 komandadan biridir, haqqında yaxşı sözlər çox demək olar. Yaxşı, keyfiyyətli futbolçuları var. Məncə, son 2-3 transferi onların gücünə daha çox güc qatacaq. Düşünürəm ki, azarkeşlərimizin dəstəyilə "Neftçi"yə qarşı yaxşı oyun keçirə biləcəyik. Azarkeş dəstəyi çox vacibdir, buna ehtiyacımız var. Çünki "Neftçi"nin böyük azarkeş ordusu var. Çox istəyərdim ki, naxçıvanlılar, "Araz-Naxçıvan" azarkeşləri gəlib komandamızı dəstəkləsinlər".
Qeyd edək ki, 6-cı turun "Araz-Naxçıvan" - "Neftçi" görüşü sabah saat 18:00-da "Dalğa Arena"da keçiriləcək.
Naxçıvan təmsilçisi 5 turdan sonra 7 xalla 7-ci pillədə qərarlaşıbsa, onlardan 1 xal çox toplayan "ağ-qaralar" 3-cü sırada yer alırlar.