Pley-offun püşkü atıldı - Bu klublardan biri 2-ci Liqada olacaq

Pley-offun püşkü atıldı - Bu klublardan biri 2-ci Liqada olacaq

2024/25-ci illər mövsümündə futbol üzrə Azərbaycan 2-ci Liqasında çıxış etmək üçün pley-off matçlarının püşkü atılıb.

Mediasport.az xəbər verir ki, cari mövsüm yarışda 13-cü yeri tutmuş komanda ilə AFFA Region Liqasının finalçısının pley-off matçları əvvəlcədən nəzərdə tutulduğu kimi, 29 may və 5 iyun tarixlərində oynanılacaq.

Dünən Şamaxı şəhərində baş tutan Region Liqasının final matçının ardından pley-off iştirakçıları dəqiqləşib. Bu qarşılaşmalarda 2-ci Liqada 13-cü yeri tutan “Şəfa” ilə Region Liqasının finalında məğlub olan “Hypers” üz-üzə gələcək.

Peşəkar Futbol Liqasında ilk oyunda meydan sahibi və qonaq komandaların müəyyənləşməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Mərasimdə qurumun prezidentini vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, PFL tərəfindən pley-off oyunlarına məsul şəxs Faiq Tahirov və qarşılaşacaq klubların rəsmiləri iştirak ediblər.

Görüş zamanı tərəflərə pley-off mərhələsində hazırlıq prosesi, riayət olunmalı tələblər və digər vacib məqamlar barədə məlumat verilib.

Ardından püşk atılıb. Püşkə əsasən, ilk oyunda meydan sahibi “Şəfa” komandası olub.

Qarşılaşmaların baş tutacağı arenalar, oyunların saatları və digər texniki detallar yaxın günlərdə açıqlanacaq.