"Rəhbərliklə görüşəndə qarşımıza ciddi məqsəd qoyulmamışdı"
"Planlarımıza uyğun hərəkət edirik. Yeni yaranmış komanda olmağımıza baxmayaraq, nəticələrimizi yaxşı hesab edə bilərik. Qış fasiləsinə qədər qalan üç oyunumuzu uğurla bitirmək istəyirik".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan 2-ci Liqasında mübarizə aparan "Göygöl" komandasının baş məşqçisi Araz Mansurov deyib.
Gənc mütəxəssis komandasının çıxışlarını qiymətləndirib, yeni yaradılmış və 11 turdan sonra 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşmış Göygöl təmsilçisinin hədəflərindən danışıb:
"Yeni komandayıq, heyətimiz əsasən yerli gənclərdən təşkil olunub. Mövsümün əvvəlində komanda rəhbərliyi ilə görüşəndə də qarşımıza ciddi məqsəd qoyulmamışdı. Əsas məqsədimiz liqada qalmaq, yerimizi bərkitməkdir. Təbii ki, istəyərdik mümkün qədər irəli gedək, "Göygöl" mövsümü çempion kimi başa vursun. Maksimum yaxşı nəticə qazanmağa çalışacağıq".
O, rayon İcra Hakimiyyətinin onlara lazımi köməklik göstərdiyini vurğulayıb: "Göygöl rəhbərliyi çalışdıqları qədər dəstək olur, oyunlarımızda iştirak edirlər. Həm oyundan əvvəl, həm də oyundan sonra bizimlə söhbətdə uğurlar arzulayırlar. İndiyə qədər nə istəmişiksə, sağ olsunlar, yerinə yetiriblər".
Araz Mansurov 9-cu turun "Göygöl" - "Şəki Siti" matçındakı baş vermiş xoşagəlməz hadisələr, gərginlik barədə bunları deyib:
"Şəki Siti" ilə oyundan danışılası məsələ çoxdur. Özümüzə haqq qazandırmırıq. Əsəblərimizi cilovlaya bilmədik, bizim də səhvlərimiz oldu. Ancaq fikrimcə, gedişatın belə alınmasında baş hakim Rövşən Rəcəbovun verdiyi qərarlar dayanır. Bu cür ağır cəza alacağımızı gözləmirdim. Hər halda AFFA İntizam komitəsi belə qərar veribsə, hörmətlə yanaşmalıyıq. Ümumən isə nəinki bizim, heç bir oyunda belə hakimliyin olmasını istəmirik".