Futbolçular baş məşqçini döymək istədilər - "Kəpəz"də ŞOK HADİSƏ!
Premyer Liqada yeni mövsümə uğursuz start verən "Kəpəz"də qarşıdurma yaranıb.
Açılış həftəsində "Sumqayıt"a 0:2 hesabıyla uduzan Gəncə təmsilçisində dava-dalaş baş verib.
Hadisə "Qarabağ"la Suraxanıdakı matçdan (0:3) sonra qeydə alınıb. Olaya baş məşqçi Adil Şükürov səbəbkar olub.
Belə ki, ağır yenilginin təsiri altında paltardəyişmə otağına daxil olan çalışdırıcı futbolçularını sərt tənqid edib. "Sükançı" xüsusən komandasının yerli üzvlərinə "yüklənib".
Şükürov "bir də belə oynasaz, əşyalarınızı yığın və buradan gedin" söyləyib. Ardınca onun köməkçiləri də aşağı-yuxarı eyni sözləri dilə gətirib.
Məşqçilərin legionerlərdən çox onların üstünə gəlməsini görən yerlilərin səbri daşıb, "od püskürüblər". Baş məşqçiyə və yardımçılarına sərt şəkildə cavab qaytarıblar.
Sözlü mübahisə şəraitində keçən dialoqun davamında tərəflər əlbəyaxa olmaq həddinə çatıb. Ətrafdakıların ciddi-cəhdindən, müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.
Beləcə, Şükürovla yaxınları döyülməkdən canını qurtara bilib (sportinfo.az).