AŞF-də konfrans: Federasiyasının cari il üçün büdcəsi təsdiqlənib
Azərbaycan Şahmat Federasiyasının növbəti konfransı keçirilib.
Mediasport.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov 2023-cü ilin yekunlarına dair hesabatla çıxış edib.
Daha sonra Azərbaycan Şahmat Federasiyasının (AŞF) büdcəsi təsdiqlənib. Cari ilin büdcəsi də müzakirə olunaraq qəbul edilib.
Qurumun nəzdində fəaliyyət göstərən Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, Regional İnkişaf, Qadın və Sosial məsələlər üzrə komissiyaların 2023-cü ildə görülən işlər barədə məruzələri dinlənilib və 2024-cü il üçün planları açıqlanıb.
AŞF-nin prezidenti Mahir Məmmədov şahmat veteranlarının təqaüd proqramı barədə məlumat verib.
O, Azərbaycan şahmatının inkişafında səmərəli fəaliyyət göstərən Ələmdar Məmmədov, Gennadi Qelman və Elmira Əliyevanı yubiley münasibəti ilə təbrik edib. Onlara AŞF adından təşəkkürnamə və 3000 manat pul mükafatı təqdim olunub.