Türkiyə yığması Ukraynaya uduzdu, Azərbaycan millisi İtaliyaya qarşı
Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq mini futbol turniri davam edir.
mediasport.az xəbər verir ki, "B" qrupunda yer alan Türkiyə və Ukrayna yığmaları ikinci tur matçında qarşılaşıblar.
Görüş Ukrayna millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Ukrayna millisinin heyətində Viktor Aronovski, Yuri Adiş və Mikola Kodatski fərqləniblər. Türkiyə millisinin qollarını isə Esat Karadeniz və Erdem Eriş vurublar.
Qrupun digər matçında Qazaxıstan millisi Cənubi Afrika Respublikası (CAR) yığması ilə görüşüb. Oyunda Qazaxıstan yığması böyük hesablı qələbə qazanıb – 5:1. Qazaxların heyətində Arman Alıpbek, Rayımbek Muxtar, Ali Sauranbayev, Bagdat Yeşentay və Berik İsmailov fərqləniblər. CAR seçməsinin yeganə qolunu Krozet Kigan vurub.
"A" qrupunun oyunları çərçivəsində İtaliya seçməsi Gürcüstan yığması ilə üz-üzə gəlib. Gürcüstan millisi 4:2 hesabı ilə qalib gəlib. Gürcülərdən Nikoloz Koplatadze dubl edib, digər qolları Giorgi Ekseulidze və İrakli Gvetadze vurublar. İtaliya millisinin heyətində isə Marsiano Piovesan və Sabino Sole adlarını tabloya yazdırıblar.
Bu gün "A" qrupu çərçivəsində Serbiya - Çexiya və Azərbaycan - İtaliya matçları keçiriləcək, "B" qrupunda isə Türkiyə - Fransa görüşü olacaq.