"Qarabağ" və "Neftçi" minifutbol çempionatında iştirak edəcək

"Qarabağ" və "Neftçi" minifutbol çempionatında iştirak edəcək

"Çempionlar Liqası 2017-ci ildən keçirilir. Azərbaycan 2018-ci ildə ilk dəfə bu yarışda təmsil olunub. Sonrakı illərdə müəyyən səbəblərdən təmsilçilərimiz iştirak etmədi. Pandemiya dövründə isə turnir baş tutmamışdı”.

Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol federasiyasının baş katibi Orxan Hüseynov deyib. 

Federasiya rəsmisi deyib ki, bu il avrokubokda çıxış edəcək klublarımızdan uğurlu nəticələr gözləyirlər: "Sonuncu dəfə 2022-ci ildə Monteneqroda baş tutan ÇL-də bizi "Birbaşa" təmsil etdi. 1/4 finala qədər irəlilədilər. Ümid edirəm ki, bu dəfə daha yaxşı çıxış edərlər. ÇL bizim bu dəfə əlamətdardır, çünki iki komandamız oynayacaq. "Birbaşa" və "Zirə" ÇL-də çıxış edəcək. 19 ölkənin 26 komandası iştirak edəcək. Rumıniya ev sahibi olduğu üçün üç komanda ilə mübarizə aparacaq. Çexiya, Bolqarıstan, Azərbaycan, Macarıstan iki komanda ilə təmsil olunur, İtaliya və İspaniya kimi ölkələrdən bir komanda iştirak edəcək. İkinci turnir isə avrokubokdur. Orada da ilk dəfə Azərbaycandan "Zəngəzur" komandası iştirak edəcək. Bu komanda "Qarabağ" adı ilə çempionatımızda bürünc medalçı oldu”. 

O, qeyd edib ki, Azərbaycan Premyer Liqasında mübarizə aparan klublara minifutbol çempionatında iştirak etmələri üçün müraciət olunub: "Qarabağ" futbol klubunun çempionatımızda iştirak etmək şansı var. Bu ehtimal yüksəkdir. Ona görə də, Avropada iştirak edəcək "Qarabağ" komandası "Zəngəzur" kimi təmsil olunacaq. Bu məqsədlə ad dəyişikliyi oldu. "Zəngəzura" da uğurlar arzu edirik. "Qarabağ"la görüşümüz olub. Müsbət cavab olsa, digər klublarla da görüşəcəyik. "Neftçi" İdman Klubu ilə danışığımız oldu. Böyük ehtimalla, növbəti mövsümdən minifutbol çempionatında iştirak edəcək. Dəqiq deyil, amma ehtimal yüksəkdir. Başqa klublara da federasiyamızın rəhbəri Orxan Məmmədov rəsmi şəkildə məktub ünvanlayıb".

Hüseynovun dediyinə görə, çempionat oyunları canlı olaraq yayımlanacaq: "Populyarlığı artırmaq istəyirik. Bu olsa, işimiz daha yaxşı alınacaq. Teleyayımla bağlı da danışıq gedir. Ötən mövsüm turun iki mərkəzi görüşü İdman TV-də canlı yayımlanırdı. Bu mövsüm də belə olacaq. Həmçinin çempionatla bağlı veriliş də olmalıdır. Çempionatdakı komandaların özləri də sosial şəbəkədə aktiv olmalıdır. Necə ki, bunu "Birbaşa Bakı" edir".