Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatının finalında!
Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycan bu gün 5 çəkidən 4-də təmsil olunub.
Yarışa 1/4 finaldan start verən Elnurə Məmmədova (53 kq) və Jalə Əliyeva (57 kq) finala qədər uğurla irəliləyiblər. Hər iki təmsilçimiz sabah qızıl medal döyüşünə çıxacaq.
1/8 finaldan mübarizəyə başlayan Nigar Mirzəzadə (65 kq) ilə Mərziyə Sadıqova (72 kq) isə məğlub olaraq mübarizəni dayandırıb.
Həmçinin, təsəlliverici görüşlərə çıxan güləşçilərimizdən 50 kq-da Şəhanə Nəzərova raundu keçə bilməyib, 59 kq-da Ruzanna Məmmədova bu gün bürünc medal döyüşündə gücünü sınayacaq.
Medal görüşləri 18:00-da başlanacaq və "Mədəniyyət" kanalı vasitəsilə canlı nümayiş etdiriləcək.
Qeyd edək ki, əvvəlki üç gündə Azərbaycanın yunan-Roma millisi 8 medal qazanmaqla komanda hesabında ilk dəfə Avropa çempionu olub.
Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal əldə edib, Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97) isə bürünc medala yiyələniblər.