Azərbaycanlı məşqçi istefa xəbərlərinə aydınlıq gətirib
"Düşünürəm ki, oynadığımız oyunla daha çox xal qazanmalı idik. Çünki oyunların çoxunda açıq aşkar üstünlük bizdə olur. Amma bəzi detallarda buraxılan səhvlərə görə hal-hazırda liderdən 2 xal geri qalırıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Şamaxı" futbol klubunun baş məşqçisi Vüqar Əsgərov deyib.
Komandasının geridə qalan turlarda çıxışlarını dəyərləndirən gənc mütəxəssis əsas hədəflərindən, aşağı yaş millilərimizə cəlb olunan futbolçularının Premyer Liqa klublarından təklif almasından söz açıb:
"Milli komandalara daimi cəlb olunan bir neçə futbolçumuz var. Bu, sevindirici haldır. Futbolçulara Premyer Liqa klublarından gələn təkliflər haqqında danışmaq tezdir. Hal-hazırda məqsədimiz komanda tərkibindəki futbolçularla yenidən əsas liqaya qayıtmaqdır. Qış fasiləsinə qədər 5 oyunumuz var. Hamı komandaya kömək etmək üçün əlindən gələni edir. Kimin qalıb-kimin gedəcəyinə isə fasilə ərəfəsində düşünüb qərar verəcəyik".
Əsgərov mətbuatda onun istefasını klubdaxili iclasda müzakirə edilməsilə bağlı yazılan xəbərələrə də münasibət bildirib:
"Bizim klubda tez-tez rəhbərliklə müzakirələr olur. Bu, həm klubun çıxışları, həm də komandanın gələcəkdə həyata keçirəcəyi hər hansı bir layihənin müzakirəsilə bağlı olur. Amma heç vaxt rəhbərliklə hansısa dəyişiklik haqqında müzakirəmiz olunmayıb".
Qeyd edək ki, bölgə təmsilçisi 8 turdan sonra 15 xalla 3-cü pillədə qərarlaşıb və lider "Qaradağ Lökbatan"dan 2 xal geri qalır.