Belçikada oynayan milli üzvü: "Yaxşı müqavilə təklif etdilər, razılaşdım"

Belçikada oynayan milli üzvü: "Yaxşı müqavilə təklif etdilər, razılaşdım"

Belçika 1-ci liqasında "Beşiktaş Gent" klubunun formasını geyinən futzal millimizin üzvü Xətai Bağırov mediasport.az saytına müsahibə verib...

Necə oldu ki, Belçikaya getdin, müqavilən hansı müddətə nəzərdə tutulub?

- Mövsümün əvvəlində gəldim. Maraqlanmışdılar mənimlə, dəvət etdilər, razılaşdım. Geridə qalan bütün oyunlarda oynamışam, yalnız sonuncu turu buraxdım. Qırmızı vərəqə almışdım. Gent klubu ilə "1+1" illik müqavilə bağlamışam.

Mətbuatda yayılan xəbərlərə görə, Rövşən Hüseynli və İsa Atayevin "Araz-Naxçıvan"dan getməsinə baş məqşçi Joze Alesio səbəb olub. Bəs sən?

- Xeyr, mənə burada yaxşı müqavilə şərtləri təklif etdilər. "Araz-Naxçıvan"ın rəhbərliyi ilə danışıb razılaşdım. Azərbaycanı başqa ölkədə təmsil etmək şansını qaçırmaq istəmədim. Ona görə belə qərar verdim. O ki qaldı Joze Alesioya, onunla aramızda heç bir problem yoxdur.

"Beşiktaş Gent", adından göründüyü kimi, türklərindir. Oraya uyğunlaşmaq sənə çətin olmaz.

- Elə bil Türkiyədə yaşayıram (gülür). Bəli, türklərin klubudur. heyətdə 3 futzalçı da türkdür. Uyğunlaşmaqda heç bir çətinliyim olmadı. İngilis dilini də yaxşı bildiyim üçün problem yaranmadı.

Komandanın iddiası nədir, hansı məqsədlər uğrunda mübarizə aparır?

- Superliqaya çıxmaq uğrunda yarışırıq. Hazırda turnir cədvəlinin ilk "3-lüy"ündə qərarlaşmış komandadan biriyik. 3 turdan sonra birinci dövrə yekunlaşacaq. Heyətə bir neçə yeni oyunçu da qoşulacaq. Bu klub 4 ildir Birinci liqanı 2-ci yerdə bitirir. Bu il hədəf çempionluqdur.

Belçikada futbola maraq məlum məsələdir, bəs futzalda vəziyyət necədir, çoxlu azarkeşlər gəlirlər oyunlara?

- Hə, demək olar, futbolla eynidir. Böyük maraq var. Oyun günləri arenalarda əla atmosfer olur.

Yəqin, keçmiş klubun "Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı oyunlarını izləmisən, nəticələrdən xəbərin var. Bu haqda nə deyə bilərsən, səncə komanda niyə fiaskoya uğradı?

- Bəli, xəbərim var. Çox üzüldüm. Həm ölkəmiz adına, həm də uzun illər formasını geyindiyim komandaya görə çox məyus oldum. "Araz-Naxçıvan"ın bu mərhələdə mübarizəni dayandıracağını gözləmirdim. Amma belə alındı, çox təəssüf...Heyətdən də çox oyunçu getmişdi, təzə gələnlərin komandaya, bir-birinə uyğunlaşması üçün vaxt lazımdır.

Hər 3 oyunda məğlubiyyət - Belə çıxır ki, yeni gələnlər sənin, Rövşənin, İsanın, yəni, azərbaycanlı futzalçıların yoxluğunu doldura bilmədilər...

- Mən belə deməzdim, nə də gələnlərlə gedənləri müqayisə etmək fikrim var. Sadəcə, komandaya yeni qoşulan oyunçular bu müddətdə yalnız fiziki cəhətdən hazır ola bilmişdilər. Üstəlik, Filipinyo oynamırdı, Ramiz zədədən təzə qayıtmışdı. Birdən-birə 5 oyunçu, təbii ki, təsir edəcəkdi. Taktiki cəhətdən tam hazır olmaq, baş məşqçinin tapşırıqlarını uğurla yerinə yetirmək üçün çox zamana ehtiyac var. Biz Alesionun dediklərini etmək üçün 6-7 il işləmişik, çalışmışıq. Əlbəttə, komandada əvvəlki heyət qalsa və əlavə güc də qoşulsaydı, məncə, nəticə onda daha yaxşı olardı.

Srağagün 5 futzalçı komandadan ayrıldı. Səni geri, amma daha yaxşı şərtlərlə dəvət etsələr, qayıdarsan?

- Yaxşı sualdı (gülür).

Belçika klubuna sərfəli şərtlərlə getmisən. Ona görə dedim.

- Doğrusu, "Araz-Naxçıvan"la heç vaxt şərt kəsməmişəm, hansısa tələb irəli sürməmişəm. Bu komanda Avropanın sayılıb-seçilən klublarından biridir. Geridə qalan müddətdə formasını geyindiyim üçün sevinirəm, çox şey qazanmışam. Beçlikadan, Tailanddan təklif almağıma səbəb məhz "Araz-Naxçıvan"da oynamağım olub. Digər tərəfdən, geri qayıtmaq haqda danışmağım düzgün çıxmaz. "Beşiktaş Gent"lə müqaviləm var və yalnız buradakı çıxışımı düşünürəm.

Mart ayında millinin DÇ-nin seçmə mərhələsində həlledici oyunları var. Əsas oyunçusu kimi, yığmamızın şanslarını necə qiymətləndirirsən?

- Milli komandamız üçün hər zaman bacardığımın ən yaxşısını etməyə çalışmışam və hazıram. Dəvət olanda da canla-başla oynamaq mənim üçün şərəfdir. Qrupda ən yüksək şans bizdədir. Polşa ilə səfər oyunundan 1 xalla qayıtsaq, bizə bəs edəcək. İnanıram ki, istədiyimiz nəticəni qazanacağıq.

Elvin