Anna Dereçi Milli Paralimpiya Komitəsində 3 gün təlim keçib
Azərbaycan Milli Paralimpiya Komitəsində Beynəlxalq Paralimpiya Komitəsinin üzvlük proqramları üzrə koordinatoru Anna Dereçi ilə görüş keçirilib.
Mediasport.az xəbər verir ki, komitənin idarə olunmasında və təşkilati quruluşunda beynəlxalq təcrübənin öyrənilməsi və strukturun formalaşdırılması ilə bağlı təcrübə mübadiləsinin aparılması məqsədi daşıyan görüş çərçivəsində Anna Dereçi tərəfindən komitə əməkdaşlarına nəzəri və praktiki təlim keçirilib.
3 gün davam edən təlim ehtiyacların qiymətləndirilməsi, Komitənin idarə edilməsinin təşkilati prosedurlarının Beynəlxalq Paralimpiya Komitəsinin Nizamnaməsinə uyğunluğu, inzibati və strateji planlama, insan resurslarının idarə edilməsi, büdcənin formalaşdırılması, kommunikasiya və marketinq strategiyasının, həmçinin, beynəlxlaq əlaqələrin qurulması üzrə mövzuları əhatə edib.
Qarşılıqlı müzakirə şəklində davam edən təlimdə sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, eyni zamanda Komitənin gələcək fəaliyyəti ilə əlaqədar 2 illik fəaliyyət planının hazırlanması ilə əlaqədar tövsiyələr verilib.
Xatırladaq ki, Komitənin qarşıdakı iki il ərzində fəaliyyət planının icra olunmasına nəzarət prosesini də Beynəlxalq Paralimpiya Komitəsi həyata keçirəcək.