"Birdən-birə 10 pillə irəli gedə bilərik, ya da geri düşə bilərik"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə" ilə yoldaşlıq görüşündən sonra müsahibə verib.
Mediasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə 4:2 hesablı qələbəni şərh edib:
- Yaxşı oyun oldu. Bu gün hər futbolçuya oynamaq şansı verdik. Doğrudur, bəzi futbolçular dəqiqə olaraq az oynadılar. Bu da planlaşdırılmışdı. Abdullah Zubir, Marko Veşoviç və Bəhlul Mustafazadəni nəzərdə tuturam. Onların ikisi xəstə idi, Bəhlul zədədən qayıtmışdı. Bu futbolçuların az oynaması lazım idi. Rəşad Sadıqov da sağ olsun, belə proqramla razılaşdılar və bu cür oyun keçirdik. Yaxşı sonluq oldu. Hər iki komanda üçün faydalı oyun idi. Sakit, intizamlı matç oynadıq. Razı qaldıq. Hazırlıq proqramımızın son oyun idi. Ümumən pis alınmadı.
Hazırlıq dövründə istədiklərinizi əldə edə bildiniz?
- Ümumən razı qaldım. Amma istədiklərimin hamısı həyata keçə bilməz. Vaxtımız, məşq sayımız azdır. Qarşıdakı aylarda futbolçular tam, öz idman formasını yığdıqdan sonra onlardan maksimumu tələb edə biləcəyik. Ümumən razı qaldım.
Bu dəfə də heyətdə U-19-dan Davud Mansumov və Amin Rzayevə şans vermişdiniz. Onlar haqda fikirləriniz necədir?
- Yaxşıdırlar, nə qədər vaxtdır ki, bizimlə məşq edirlər. Davudu komandaya bir az gec cəlb etmişik. Üç aydır ki, bizimlə məşq edir. Aminin 16 yaşı var və 1 ilə yaxındır ki, bizimlədir. Aftandil Hacıyev onu bizə təklif etmişdi ki, perspektivli uşaqdır. Həm fiziki durumunu yaxşılaşdırmaq üçün əlavə məşqlər edirlər. Yavaş-yavaş komandaya cəlb olunurlar. Amma hələ gəncdirlər. İstəyirik ki, kollektivin içində böyüsünlər. Yaxşıdırlar. Əgər hazırda Amini bu yaşda “Qarabağ”da stoper kimi oynadırıqsa, özü də bunu düzgün etməyə çalışırısa, həm bizim, həm də özü üçün üstünlükdür. Davud da özünü itirmirsə, kollektivdə qol vurmaq üçün çəkinmədən hücuma gedirsə, bu da həm özü, həm də bizim üçün müsbət haldır. İntizamlı uşaqlardır.
Juninyonun transferi məsələsi nə yerdədir?
- Rəhbərlikdən də deyirlər ki, məsələ sonluğa doğru gedir. Dünən və bu gün rəhbərlikdən heç kimi görməmişik. Ona görə bir söz deyə bilməyəcəm. Hər şey tamamlanmağa doğru gedir.
Juninyonun yerində olsaydınız, “Sevilya”nı, yoxsa “Flamenqu”nu seçərdiz?
- İstəyərdim ki, Juninyo “Sevilya”ya getsin. Amma Juninyo tərəfdən baxsaq, bəlkə də düzgün qərar qəbul edir. Çünki özü həm braziliyalıdır. Braziliyanın ən böyük klublarından birinə gedir. Rəhbərlik də orada dəyişib. “Flamenqu”nun baş məşqçisi futbolçu kimi çox böyük uğurlar əldə etmiş biri olub. Birbaşa özü ilə təmasda olublar və ona bəzi fikirləri çatdırıblar. Burada əsas söhbət maliyyədən getmir. Braziliya mentaliteti rol oynayır. Braziliyadan da ona diqqət çox idi. Bəzi amillər var, hansı ki, onu mən bilmirəm. Ola bilər ki, braziliyalı olması “Flamenqu”nu seçiminə təsir edib.
AFFA-nın legioner limitini ləğv edəcəyi ilə bağlı fikirlər səsləndirilir. Siz bu haqda nə düşünürsünüz?
- Bu haqda fikir bildirmişəm. İcraiyyə Komitəsinin üzvüyəm və ona görə hansısa fikir bildirməyim doğru olmazdı. Çünki o qrupda iştirak edirəm. İndi fikir bildirməyim düzgün deyil.
Yeni inkişaf strategiyasında 5 əsas bənd üzə çıxarılıb və millinin FİFA reytinqində 70-ci sıraya qədər yüksəlməsi əsas hədəflərdəndir. Sizcə, bunu əsas beş hədəfdən ikisi kimi qabartmaq doğrudur?
- Hazırda konkret fikir söyləmək tezdir. Futbol, idman stabilliyi xoşlayır. Biz birdən-birə 10 pillə irəli gedə bilərik, ya da geri düşə bilərik...Amma bununla hər şeyin tamamlandığını deyə bilmərik. Ya da irəli getdiksə, inkişaf etmişik, bir il sonra geri düşəndə tam əksini düşünmək doğru olmaz. Hələ ki, strategiya planı da tam formalaşmayıb. Hər şey tam formalaşdıqdan sonra bəzi lazımi elementləri bizə uyğun olanları ayrıca götürüb onların ətrafında müzakirə aparılsa, daha doğru olar. Onsuz da bu hədəflər inkişaf etmək üçün irəli sürülür. Hansı bizim üçün uyğun və uğurlu olacaq, bu gün nəsə deməyim tezdir. Hər şey tamamlandıqdan sonra daha böyük müzakirə mövzusu ola bilər.