"Bizi sevindirən yeganə amil onun hazır olmasıdır" - Şəhriyar Əsgərov
"Cəlilabad"ın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının 12-ci turunun "Xəzri" ilə oyunundan öncə fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, o, görüşü buraxacaq oyunçuların adlarını açıqlayıb:
"Bəzi itkilərin olması bizi məyus edir. Kobi Tomas yenə oynamayacaq, onun zədəsi davam edir. Camani Pirsin matçda iştirakı sual altındadır. Ən ciddi itkimiz Zaur Paşayevdir. “Neftçi”yə qarşı ötən turun matçında aldığı zədə kapitanımızın oynamasına imkan vermir. Zaurun zədələnməsi bizi ən çox narahat edən məqamdır".
Əsgərov, eyni zamanda, zədəsini sağalan Seyidhüseyn Eynullayev haqda da danışıb:
"Bizi sevindirən yeganə amil onun hazır olmasıdır. Seyidhüseyn meydançaya çıxmaq üçün özünü hazır hiss edir. Bütün itkilərə baxmayaraq, bu qarşılaşmada azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Mütəxəssis rəqibin güclü olduğunu da diqqətə çatdırıb:
"Çox güclü rəqibə qarşı oynayacağıq. “Xəzri” liderlər qrupunda qərarlaşıb və çempionluğa əsas namizədlərdən biri sayılır. İlk dövrədə Cəlilabadda onlara məğlub olmuşduq. “Xəzri”nin geniş heyəti var. Həmçinin, məşqçiləri Murad Dikmən çox təcrübəlidir. Düzdür, bəzən çox emosional olur, ancaq ümumi baxsaq, oyunu çox yaxşı hiss edən və anlayan məşqçidir. Lakin biz rəqibdən çəkinmirik".
Xatırladaq ki, "Cəlilabad" yarışın turnir cədvəlində 20 xalla üçüncü, "Xəzri" isə 15 xalla altıncıdır.