"Bu, Azərbaycan parataekvondo tarixinə bir ilk kimi düşdü"
Meksikada keçirilən Qran-pri və dünya çempionatında ölkəmizi uğurla təmsil etmiş parataekvondo üzrə Azərbaycan milli komandası Vətənə qayıdıb.
Mediasport.az xəbər verir ki, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Taekvondo Federasiyasının kollektivi, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Yığmanın baş məşqçisi Fərid Tağızadə 2 yarışdan 5 medalla qayıtmağı böyük uğur adlandırıb: “Meksikada 2 yarışın hər birində 3 idmançı ilə iştirak etdik. Qran-pridə Sabir Zeynalovla (58 kq) İmaməddin Xəlilov (70 kq) qızıl, Əbülfəz Abuzərli (80 kq) bürünc medala sahib oldu. Ardınca dünya çempionatında 2 mükafat əldə etdik. İmaməddin dünya çempionu adına yiyələndi. Bu, Azərbaycan parataekvondo tarixinə bir ilk kimi düşdü. Çünki idman növümüz Paralimpiya Yay Oyunlarına daxil olduqdan sonra birinci dəfə mundialda himnimiz səsləndi. Əbülfəz dünya çempionatını bürünc medalla bitirdi. Yığma kişilər arasında komanda hesabında isə 3-cü yerə layiq görüldü”.
O, yetirmələrinin növbəti hədəflərini də açıqlayıb: “3 parataekvondoçumuz dünya reytinqində ilk “altılıq”dadır. Bu yer birbaşa Paralimpiadaya lisenziya verir. Hər şey ilin sonunda bəlli olacaq. Bizi qarşıda Mançesterdə Qran-prinin final mərhələsi gözləyir. Ardınca Paris-2024 Yay Paralimpiya Oyunlarına köklənəcəyik. Bu il həm Avropa, həm dünya, həm də Qran-pridə çempionlarımız olub. Azərbaycanı qarşıdakı turnirlərdə də ən yüksək səviyyədə təmsil edəcəyik. Fransadan da medallarla, ən əsası qızılla dönmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.