"Bu futbolçularımız qol vurmaqla komandaya fayda verməlidir"
"Qəbələ" Azərbaycan Premyer Liqasının 11-ci turunun oyununda doğma meydanda "Kəpəz"lə heç-heçə edib.
mediasport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı qaralar"ın baş məşqçisi Elmar Baxşıyev 1:1 hesablı matç haqqında fikirlərini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb:
- Ağır oyun oldu. "Kəpəz" "Neftçi"yə qarşı son matçı yaxşı keçirmişdi. Ümumi götürəndə komanda istədiyimizdən aşağı çıxış etdi. Birinci hissədə daha çox dominant oynamağa çalışdıq. Amma fasilədən sonra meydançada istədiyimizi edə bilmədik. Vacib xallar itirdik. Qarşıdakı matçlara yüksək motivasiya ilə hazırlaşmaq lazımdır.
Komandada hər şey qaydasındadır?
- Ümumi götürəndə qol çatmır. Futbolçular epizodlara girirlər. Onları dəyərləndirmək lazımdır. Dəyərləndirə bilməyəndə onlarda özünəinam itir. Komandada daxili ab-hava qaydasındadır. Sadəcə olaraq, heyətlə bağlı sıxıntımız var. Hücumçunu müdafiəçi kimi oynadırıq. Hamı bilir ki, Rövlan hücumçudur. Məcburiyyətdən o mövqedə oynadırıq. Amma o, üzərinə düşənin ən yaxşısını etməyə çalışır.
Demək olar ki, ehtiyat qüvvə özünü doğrultmur?
- Sırf əvəzetmələrin üzərində dayanmazdım. Həm Emil, həm Ülvi, həm də Strijak komandaya öz faydasını verməyə çalışırdı. Hücumameyilli oyunçularımız daha aqressiv olmalıdır. Omar Hani qapıçı ilə təkbətək qaldığı epizodu dəyərləndirsəydi, nəticə başqa cür olacaqdı. Sonluğu gətirə bilmirik.
Emil Səfərovun çıxışındakı enişin səbəbi nədir?
- Emilin mikrozədəsi var. Bu da ona 90 dəqiqə meydanda olmağa imkan vermir.
Ülvi İsgəndərov ötən mövsüm daha çox qol vururdu. Bu mövsümdə isə sönük görünür. Səbəbi nədir?
- Tək Ülvi deyil. Heyətimizdə Felipe, Omar, Utsiq, Maçado kimi futbolçular var ki, bir qol vurublar. Bunlar da qol vurmaqla komandaya fayda verməlidir. Ülvi inandığım futbolçudur.
Ürfan Abbasov bu gün ehtiyat oyunçular skamyasında idi. Zədəsini sağaldıb?
- Hələ tam sağalmayıb, yüngül məşqlərə başlayıb.
"Şamaxı" və "Kəpəz"lə matçlarfa xal itirdiz. Bu, sizə qəribə gəlmir?
- Premyer Liqa klublarıdır. Heç kim sığortalanmayıb ki, bu rəqiblərlə oyunda xal itirməyəcək. İndi futbolda güclü, zəif anlayışı yoxdur. Maksimum hazırlaşıb uğurlu nəticəyə köklənmək lazımdır.