Daha 4 medal şansımız var, Stadnik də mübarizəyə başlayır - AÇ-2024
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, bu gün yunan-Roma güləşində mübarizəyə yekun vurulacaq.
4 təmsilçimiz medal qazanmağa çalışacaq. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) final görüşünə çıxacaqlar.
Rafiq Hüseynov (82 kq) isə təsəlliverici duelə qatılacaq.
Yunan-Roma güləşçilərimizdən Murad Məmmədov (63 kq) qızıl, Rəşad Məmmədov (55 kq) gümüş, Beka Kandelaki (130 kq) bürünc medal qazanıblar.
Bu gün qadın güləşçilərin yarışına da start veriləcək. Azərbaycan təmsilçilərindən mübarizəyə ilk olaraq əfsanəvi Mariya Stadnik qoşulacaq.
9-qat Avropa çempionu (50 kq) 1/4 finalda Emma Lutteno (Fransa) - Milana Dadaşova (neytral) cütünün qalibi ilə qarşılaşacaq.
Ayona Kolesnik (59 kq) isə bu mərhələdə Ramina Mamedova (Latviya) - Katerina Jidaçevska (Rumıniya) cütünün güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, ölkəmiz fevralın 18-də başa çatacaq qitə birinciliyində 25 güləşçi ilə təmsil olunur.