Kənan Heybətov birinci oldu, Aşırov "gümüş", Ağayev "bürünc" qazandı
Qazaxıstanın Atırau şəhərində keçirilən "Old Capital Cup" turnirinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, Kənan Heybətov (70 kq) 1/8 finalda qazaxıstanlı Jassulan Raximcanova (10:0), 1/4 finalda ukraynalı Vasil Şuptara (tuş) vaxtından əvvəl qalib gəlib.
Yarımfinalda dünya ikincisi Ernazar Akmataliyevlə qarşılaşan həmyerlimiz qırğızıstanlı rəqibini 6:4 hesabıyla üstələyib. Finalda tacikistanlı Mustafa Axmedova heç bir şans tanımayan Kənan (7:0) çempion olub.
79 kq-da mübarizə dairəvi sistem üzrə baş tutub. Əşrəf Aşırov rusiyalı dünya çempionu Axmed Usmanova (0:5) məğlub olsa da, digər görüşlərdə qələbə qazanıb.
Aşırov qazaxıstanlı Mirzabek Nurlibekovla (tuş) ukraynalı Valentin Babiy (6:0) üzərində inamlı qələbə qazanıb. Ermənistanlı Aren İsraelyan isə xalçaya çıxmayıb. Əşrəf gümüş medalı boynundan asıb.
Beləliklə, yarışda məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında çıxış edən komandamız 1 dəst medal qazanıb.
Xatırladaq ki, Musa Ağayev (65 kq) turnirdə üçüncü olmuşdu.