"Bu il də məqsədimiz həm kuboku, həm çempionatı qazanmaqdır"
Macarıstanın "Vaşaş" klubunda çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova ölkə kubokunu qazanıb.
Mediasport.az xəbər verir ki, yığmamızın qələbə təəssüratlarını Azərbaycan Voleybol Federasiyası ilə bölüşüb.
O bu mövsüm ilk titulu qazandığı üçün çox sevindiyini deyib:
"Hər il olduğu kimi bu il də məqsədimiz həm kuboku, həm də çempionatı qazanmaqdır. Çox şükür ilk titulu qazandıq, kuboka sahib çıxdıq. Finalda rəqibimiz “Bekeşçaba” klubu idi. Ciddi müqavimətlə qarşılaşsaq da, üstünlüyü əldən vermədik və qalib gəldik.
Bu, mənim “Vaşaş”la ardıcıl üçüncü, ümumilikdə isə dördüncü kubokumdur. Bu nəticəyə görə çox şadam. Qarşıda bizi çempionatın yarımfinal oyunları gözləyir. Çalışacağıq ki, orada da ən yüksək səviyyədə oynayıb finala çıxaq, ardınca isə çempion olaq".
Qeyd edək ki, “Vaşaş” “Bekeşçaba”nı 3:0 hesabı ilə məğlub edib.