"Bu mövsüm "Sabah"ın heyətində, demək olar, oynamırdım"
Cari mövsüm Premyer Liqanın debütantı "Araz-Naxçıvan"ın "Sabah"dan icarə əsasında heyətinə cəlb etdiyi İldar Alekperov klubun mətbuat xidmətinə açıqlama verib.
Mediasport.az xəbər verir ki, o, mövsümün ikinci yarısına hazırlıq çərçivəsində "Zirə" ilə keçirdikləri yoxlama matçını (1:2) şərh edib:
"Oyundan sonra baş məşqçi ilə də söhbətimiz oldu, fikirlərini dinlədim. Əlbəttə, onun dedikləri çox önəmlidir. Elə etməliyəm ki, çempionatın bərpasına qədər çatışmazlıqları aradan qaldırım. Hələ tam hazır deyiləm. Xüsusilə, fiziki planda axsamalar var".
Yarımmüdafiəçi Muxtar Respublika təmsilçisi ilə bağlı ilkin təəssüratlarını bölüşüb və komandanın məşqçilər heyətinə təşəkkür edib:
"Bu mövsüm "Sabah"ın heyətində, demək olar, oynamırdım, nadir hallarda meydana çıxırdım. Müqavilə ilə məxsus olduğum klub təcrübə qazanmağım üçün icarə əsasında da olsa, özümü oynaya biləcəyim bir komandada sınamaq şansı yaratdı. Artıq bir neçə gündür "Araz-Naxçıvan"ın düşərgəsindəyəm. Təbii ki, yeni komanda və heyət üzvlərinin arasına düşmüşəm və uyğunlaşmaq üçün az da olsa, zaman lazımdır. Uşaqlar yaxşı qarşıladılar, aralarında tanıdıqlarım da var. Atmosfer yaxşıdır, baxıram, hamı oynamaq istəyir, bunun üçün çalışır".
Xatırladaq ki, İldar cari mövsümün sonuna qədər icarə əsasında "Araz-Naxçıvan"ın formasını geyinəcək.