"Çoxları bilmir, 17 yaşıma qədər hücumçu olmuşam" - MÜSAHİBƏ

"Çoxları bilmir, 17 yaşıma qədər hücumçu olmuşam" - MÜSAHİBƏ

"Neftçi"nin bu mövsüm 3 qolla Premyer Liqada bombardiri - braziliyalı müdafiəçi Yuri Matias "Səbail"lə oyundan sonra Mediasport.az saytına müsahibə verib:


Oyun haqqında fikirlərin maraqlıdır.

- Çox gərgin, çətin oyun oldu. Sonda qalib gəldiyimiz üçün xoşbəxtik. Amma buna baxmayaraq, yenə də qollar buraxdıq. Çalışacağıq ki, üzərimizdə daha çox işləyib belə qollar buraxmayaq.

Digər oyunlarla müqayisədə, bu gün "Neftçi" bir qədər üstün, yaxşı çıxış etdi.

- Sizin fikrinizlə razıyam, bu gün dah ayaxşı oynadıq. Lakin ilk hissədə bir qədər zəif çıxış etdik. Buna görə səhv buraxdıq, rəqib qol vurdu. Bunların olmaması üçün çalışmalıyıq. Müdafiədə belə səhvlərin olmaması üçün daha diqqətlə mübarizə aparmalıyıq.

Komandanın növbəti turda da belə oynayacağının zəmanəti yoxdur. Qeyri-stabilliyin səbəbini nədə görürsən?

- Hər oyun fərqlidir, eyni tempdə oynamaq, eyni çıxışı göstərmək mümkün deyil. Elə bir aksioma yoxdur ki, biz hər oyun yaxşı oynamalıyıq. Biz, sadəcə, hər matç artırmalı, daha yaxşı olmaq üçün çalışmalıyıq. Bugünkü çıxışımızı qarşıdakı turlarda da davam etdirmək üçün var gücümüzü qoymalıyıq.

Sual bir qədər yumoristik səslənsə də, reallıq belədir: Matias çox qol buraxan "Neftçi"nin həm də ən çox qol vuran bombardir müdafiəçisi - futbolçusudur. Mövqeyini dəyişmək haqda düşünmürsən?

- (Gülür). Bəlkə çoxları bilmir, 17 yaşıma qədər hücumçu olmuşam. Çoxlu qollar da vurmuşam. İndisə müdafiəçi kimi hədəfim 5 qol vurmaqdır. Daha çox qol vurmaqla komandama kömək etmək istəyirəm.

Mətbuatda adın "Qarabağ"la hallanırdı, xəbərin var bundan?

- Xeyr, məlumatım yoxdur. "Neftçi"nin futbolçusuyam və yalnız komandama fayda verməyə köklənmişəm. Müqaviləmin sonuna qədər də komandama sadiq olub uğur qazanmaq üçün var qüvvəmlə çalışacam, əlimdən gələni edib formanın haqqını verəcəm. "Neftçi" azarkeşlərindən hər gün mesajlar alıram, məni çox dəstəkləyirlər. Buna görə xoşbəxtəm və onları sevindirmək, ümidlərini doğrultmaq üçün bacardığımı göstərəcəm.

"Neftçi"də əvəzetmədən meydana daxil olan futbolçuların transfer qiyməti 1 milyondan çoxdur. Real baxsaq, belə imkanlarla, geniş heyətlə "Neftçi" bu mövsüm hansı yerlər uğrunda mübarizə apara bilər?

- Doğrudur, burada bizim yaxşı çıxış etməyimiz üçün hər bir şərait yaradılıb. Yaxşı komanda formalaşdırılıb, əla futbolçular gətirilib. Məndə liderlik xarakteri var. Bu, kapitan olmaq məqsədilə deyil. Liderlik doğuşdan olur. Bu xüsusiyyətlərimlə komanda yoldaşlarıma kömək etməyə çalışacam ki, var güclərini ortaya qoysunlar. Yüksək yer tutmaq üçün sonadək vuruşacağıq.


Elvin