"Dinamo"nun baş məşqçisi Mahir barədə qərarını verdi, onun adı...
Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində evdə “Zalsburq”la oyunda meydana çıxa bilər.
MediaSport.az xəbər verir ki, Xorvatiya klubunun baş məşqçisi Ante Çaçiç bu barədə mətbuat konfransında məlumat verib.
69 yaşlı mütəxəssis futbolçumuzun avstriyalılarla matçda oynayıb-oynamacağı barədə suala konkret cavab verməsə də, deyib ki, Emrelinin adı iştirak ərizəsində var.
FİFA bir neçə gün əvvəl millimizin üzvünün sabiq klubu “Legiya” qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futbolla bağlı bütün fəaliyyətinə qadağa qoymuşdu. Qərara görə, Polşadan qalmaqallı şəkildə ayrılan Emreli Varşava təmsilçisinə 100 min avro ödəməli idi. Mahir borcunu 2 gün öncə ödəsə də, Ali futbol qurumu qadağa qərarının ləğvini dünən açıqlayıb.
“Dinamo” ilə “Zalsburq” arasında oyun bu axşam saat 23:00-da keçiriləcək. Xorvatlar 3 turdan sonra 3 xalla qrup sonuncusudur.