Diniyev: "Həmin matçda qələbə qazandıq, kaş, qazanmazdıq..."

Diniyev: "Həmin matçda qələbə qazandıq, kaş, qazanmazdıq..."

"Həmin matçda qələbə qazandıq. Kaş, qazanmazdıq, lakin əsas futbolçularımız heyətdə olardı".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis futbol üzrə Azərbaycan çempionatında başa çatan 1-ci və 2-ci dövrə haqda danışıb, razı qaldığı məqamlardan və problemlərdən söz açıb:

"Komandanın qarşısına qoyulan məqsəd ilk "6-lıq"da qərarlaşmaqdır. Qış fasiləsinə qədər bunun öhdəsindən gəldik. 2-ci dövrənin sonunda "Səbail" 5-ci pillədə qərarlaşdı. Qışdan sonrakı dövrələr çox vacib olacaq. 12-ci, 13-cü tura qədər komandadan çox razı idim. Problemlərimiz "Turan Tovuz"la oyundan sonra başladı. Həmin oyunda qələbə qazandıq, kaş, qalib gəlməzdik, ancaq futbolçularımız zədələnməyərdi. Birdən-birə 4 əsas futbolçumuzun zədələnməsi planlarımızı pozdu. Ondan öncə də zədəli futbolçumuz var idi. Bilirsiniz, kiçik komandada 1 futbolçunun itirilməsi böyük problemdir. Bizdə isə 6 oyunçunun zədələnməsi oyun üslubumuza və əldə etdiyimiz nəticələrə təsir göstərdi. Birinci dövrədə 17 xal, ikinci dövrədə isə təxminən onun yarısını, yəni, 9 xal topladıq. Bu da nəticə üçün böyük problemdir. Dediklərimin hamısı "Turan"la oyundan sonra başladı".

Diniyev zədəlilərin çoxluğundan narahat olduğunu bildirib: "Görünməmiş hadisə idi: 18 oyunda 5 futbolçu əməliyyat edildi. Bu da ciddi itkidir. Ağabala Ramazanov, David Qomis, Süleyman Əhmədov, Cabir Əmirli, Aleksandr Ramalinqomun olmaması komandanın oyununa və nəticələrinə təsir etdi. Buna baxmayaraq, sevindim ki, əlimizdə olan heyətlə dövrəni başa vurduq".

O, "dənizçilər"in qış təlim-məşq toplanışı haqda bunları vurğulayıb:

"3-cü və 4-cü dövrələrdə daha yaxşı "Səbail" olmağa çalışacağıq. Yanvarın 5-dən 17-dək qış təlim-məşq toplanışımız var. 3-4 futbolçu ilə güclənməyə çalışacağıq. Qış transfer pəncərəsində heyətə yaxşı futbolçu cəlb etmək çətindir. Bunu bacarsaq, qarşımıza qoyulan məqsədə çatmağa çalışacağıq".


Rövşən